İrandan iddia: Bəndər Abbas PUA ilə vurulub

İranın Bəndər Abbas limanında baş verən partlayış pilotsuz təyyarələrin (PUA) istifadəsi nəticəsində baş verib.
AZERFAX.az Teleqrafa-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, deputat Məhəmməd Mehdi Şəhriyari deyib.
Deputat müstəntiqlərin müzakirə etdiyi əsas versiyalardan birinin təxribat olduğunu vurğulayıb və qeyd edib ki, Milli Təhlükəsizlik Komitəsi bu fərziyyəyə ciddi yanaşmalıdır.
Şəhriyari indiyə qədər əldə edilən məlumatların natamam olduğunu, istintaq tamamlanana qədər yekun qərarın verilə bilməyəcəyini bildirib. Bununla belə, onun sözlərinə görə, aidiyyəti qurumlar səbəbin texniki səhlənkarlıq və ya qəsd olmasından asılı olmayaraq bütün ehtimalları istisna etməməlidir.
“Qənaətimə görə, hadisə İran və ABŞ arasında (Omanda) davam edən danışıqlarla bağlıdır. Ola bilsin, kimsə bu hücumu həyata keçirməklə danışıqları pozmaq istəyib”, – iranlı deputat əlavə edib.
Şəhriyarinin iddiasına görə, partlayış İsrail tərəfindən törədilə bilər.
Xatırladaq ki, Bəndər Abbas limanında partlayış aprelin 26-da baş verib. Hadisə nəticəsində 65 nəfər həyatını itirib, 1500-ə yaxın insan yaralanıb.