Kül olan meşənin altındakı möcüzə üzə çıxdı

ABŞ-nin məşhur Mojave çölündə baş verən və təxminən 17 min hektar ərazini külə çevirən dəhşətli yanğın bölgənin simvolu sayılan 1 milyon 300 mindən çox nadir Coşua (Joshua) ağacını yox etmişdi.
AZERFAX.AZ xəbər verir ki, bu ekoloji fəlakətdən sonra Kaliforniya Universitetinin alimləri bölgədə torpaq analizlərinə başlayıblar. Üç il davam edən araşdırmalar zamanı hamını heyrətləndirən bir təbiət möcüzəsi üzə çıxıb: yerüstü bitki örtüyü tamamilə məhv olsa da, yeraltı göbələk şəbəkəsi nəinki sağ qalıb, hətta yanğından sonra daha sürətlə çoxalıb.
Mütəxəssislər bildirirlər ki, çöldə bitkilərin bir-birindən uzaq məsafədə bitməsi alovun bu həssas yeraltı kök sisteminə çatmasının qarşısını alıb. Bitkilər üçün su və qida daşıyan, onları quraqlıqdan qoruyan bu mikroskopik göbələk şəbəkəsinin sağ qalması bölgənin yenidən canlanması üçün böyük ümid yaradıb. Alimlər vurğulayırlar ki, Coşua ağaclarının tam bərpası qlobal iqlim dəyişikliyi fonunda uzun illər tələb etsə də, yeraltındakı bu gizli möcüzə təbiətin dağıdıcı fəlakətlərə qarşı inanılmaz müqavimət gücünü bir daha sübut edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


