Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ADAU-da olub

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. AZERFAX.az xəbər verir ki, qonaqla görüşən Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və müasir tədris-təcrübə üsulları barədə məlumat verib. Ə. Məlikov Aqrar Universitetin Türkiyənin ali təhsil müəssisələri ilə sıx əlaqədə olduğunu da diqqətə çatdırıb.

ADAU-da olmaqdan məmnunluğunu bildirən Yurdagül Aydoğan xoş qarşılanma üçün minnətdarlığını bildirib.

Görüş çərçivəsində birgə əməkdaşlığın inkişaf etdirilməsi və perspektivdə duran məsələlər müzakirə olunub.
Daha sonra qonaq ADAU-nun laboratoriyaları və yenidən qurulan ADAU TV internet televiziyasının müasir studiosu ilə tanış olub.

Baytarlıq təbabəti fakültəsində olan Yurdagül Aydoğan tələbələrin tədris prosesini izləyib və ADAU-da təhsil alan Türkiyəli tələbələrlə görüşüb. Görüş zamanı tələbələri maraqlandıran məsələlər müzakirə olunub, sualları cavablandırılıb.









