Şahzadə Harri Rusiyaya qarşı döyüşmək üçün orduya qayıdır


Böyük Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu Şahzadə Harri zərurət yaranacağı təqdirdə yenidən hərbi xidmətə qayıtmağa və Rusiyaya qarşı döyüşməyə hazır olduğunu açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, o, bu barədə Lvova elan olunmamış səfəri zamanı “The Telegraph” nəşrinə müsahibəsində danışıb.
Şahzadə Harrinin sözlərinə görə, Rusiyadan qaynaqlanan təhlükə Böyük Britaniya vətəndaşlarını narahat etməlidir. O bildirib ki, son on ildə Britaniya faktiki olaraq Rusiya ilə qarşıdurma vəziyyətindədir.
“Dronlar, güllələr və raketlər hələlik bizə çatmırsa, bu, müharibə vəziyyətində olmadığımız anlamına gəlmir”.
Şahzadə Harri 10 il hərbi xidmətdə olduğunu, Əfqanıstana iki dəfə ezam edildiyini və “Apache” helikopterinin pilotu kimi xidmət etdiyini xatırladıb. O, hərbi karyerasını 2015-ci ildə başa vurub.
Hersoq bildirib ki, yenidən orduya çağırılarsa, ölkəsinə xidmət etməyə hazırdır:
“Əgər məndən yenidən orduya yazılmağım istənilsə və buna ehtiyac yaransa, 100 faiz ölkəmə xidmət edəcəyəm. Veteranlar və hazırda hərbi xidmətdə olan silahdaşlarımla birlikdə xidmətə qayıdaram. Rusiyaya qarşı döyüşmək üçün orduya qayıdardım”.
O, həmçinin geosiyasi vəziyyətin ciddi narahatlıq doğurduğunu və veteranların mümkün çağırışa hazır olmalı olduğunu bildirib.



