“Impossible OS” adlı yeni əməliyyat sistemi hazırlanır


Windows və Linux əsaslı olmayan “Impossible OS” adlı yeni əməliyyat sistemi hazırlanır. Layihənin əsas məqsədi Windows proqramlarını emulyator və virtual maşın olmadan işlədə bilən tamamilə yeni sistem yaratmaqdır.
AZERFAX.AZ Türkiyənin “CHIP Online” nəşrinə istinadən xəbər verir ki, layihə x86-64 arxitekturalı kompüterlər üçün nəzərdə tutulub. Tərtibatçı əməliyyat sisteminin nüvəsini, masaüstü interfeysini və Win32 API infrastrukturunu sıfırdan hazırlayır.
“Impossible OS” Windows 11-ə bənzər interfeysə malik olacaq. Burada mərkəzdə yerləşən tapşırıq paneli, “Start” menyusu və yarı şəffaf vizual elementlər nəzərdə tutulub.
Layihənin digər hədəfi Linux proqramlarını da sistemdə dəyişiklik etmədən işlətməkdir. Bunun üçün xüsusi uyğunluq qatının yaradılması planlaşdırılır.
Hazırda əməliyyat sistemi ilkin alfa mərhələsindədir. 64 bitlik nüvə, yaddaş idarəetməsi, şəbəkə bağlantısı və bəzi fayl sistemləri artıq işlək vəziyyətdədir. Lakin Windows və Linux proqramlarının tam dəstəyi hələ hazır deyil.
Tərtibatçının yol xəritəsinə əsasən, layihənin əsas hədəf tarixi 8 avqust 2028-ci ildir. Əməliyyat sisteminin ilkin versiyasını yoxlamaq istəyənlər üçün təlimatlar “GitHub” platformasında yerləşdirilib.



