Almaniyada naməlum əşya partladı – Ukraynalılar xəsarət aldı

Almaniyanın Auqsburq şəhərində naməlum əşyanın partlaması nəticəsində iki Ukrayna vətəndaşı – 17 yaşlı qız və 18 yaşlı oğlan xəsarət alıb.
AZERFAX.AZ xəbər verir ki, hadisə sentyabrın 2-nə keçən gecə şəhərin əsas dəmir yolu vağzalının yaxınlığındakı Banqofştrasse küçəsində baş verib.
Polisin məlumatına görə, partlayış nəticəsində yoldan keçən hər iki şəxs yüngül bədən xəsarətləri və akubarotravma (“kontuziya”) alıb. Partlayış dalğası yaxınlıqdakı zərgərlik mağazası, bank şöbəsi və digər obyektlərin vitrin və fasadlarına da ziyan vurub.
Hadisənin səbəbləri araşdırılır. İstintaqçılar partlayan əşyanın növünü müəyyənləşdirir və bütün ehtimalları, o cümlədən mümkün kriminal hesablaşma versiyasını yoxlayırlar.
Həmin gün səhər saatlarında vağzalın piyada tunelində daha bir şübhəli əşya aşkarlanıb. Vağzal təxliyə edilib, qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Lakin sonradan əşyanın təhlükə yaratmadığı müəyyən edilib.
Müəllif: Adəm



