Region

Gəncə Dövlət Milli Dram Teatrı : Yeni mövsüm, yeni tamaşalar

“Yeni mövsümdə Elşad Əhmədovun quruluşunda Toyğun  Orbayın “İnsanlıq şərəfinə” (tərcümə Elvin Nuri) pyesi eləcə də Telman Hacıyev və Bəşir Səfəroğlunun “Bizə bir xal lazımdır” musiqili  liberettosu  həmçinin  Aleksey  Tolstoyun “Buratino” uşaq nağıl tamaşalarının  hazırlanması nəzərdə  tutulub”. AZERFAX.az xəbər verir ki, bu fikirlər Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi 131-ci teatr mövsümünün başlanması ilə əlaqədar keçirilən görüşdə bildirilib.

Teatrın direktoru, Respublikanın Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev yeni mövsümün hazırlıqlarını müzakirə etmək, qarşıda duran yaradıcılıq vəzifələrini müəyyənləşdirmək məqsədilə bir araya gələn yaradıcı kollektivə 131-ci teatr mövsümündə yeni uğurlar arzulayıb. Qeyd olunub ki, 131-ci teatr mövsümündə yeni səhnə əsərlərinin hazırlanması ilə yanaşı, repertuarda olan tamaşaların nümayişi, gənc aktyorların yaradıcılıq imkanlarının genişləndirilməsi və teatrın tamaşaçı auditoriyasının daha da böyüdülməsi də diqqət mərkəzində olacaq.

Artıq yaradıcı kollektiv növbədənkənar olaraq Qurban Səidin “Əli və Nino” romanı əsasında V. Reznikovanın eyni adlı pyesinin motivlərində Abdulla İsmayılovun (Elşadlı) tərcüməsi olan  “Əli və Nino” adlı pyesin üzərində yaradıcılıq işinə başlayıb. Pyesin quruluşçu rejissoru Abdulla Elşadlıdır. Yeni səhnə əsəri oktyabr ayının ikinci ongünlüyündə teatrsevərlərə təqdim ediləcək.

Gəncə Dövlət Milli Dram Teatrı 131-ci teatr mövsümünə sentyabr ayının 18-də M. F. Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası ilə start verəcək.

Məqsəd Rəhimov

Related Articles

Bir cavab yazın

Back to top button