AZERFAX TV

Bakıya qarşı informasiya hücumunun şifrələri

Rusiyada Azərbaycana qarşı informasiya müstəvisində qarayaxma kampaniyası müşahidə edilir. AZAL-a məxsus təyyarənin vurulmasından sonra başlanan bu cür kampaniyalar zamanla müəyyən qədər səngisə də, hazırda baş verənlər prosesin dayanmadığını, müvəqqəti gözləmədən sonra yenidən start verildiyini deməyə əsas verir. Hibrid müharibə üsullarından istifadə edilən bu kampaniyada əsas diqqətçəkən məqam onun mərkəzləşdirilmiş formada həyata keçirilməsi, yuxarıların konkret tezislərinə əsaslanmasıdır. Media, sosial media platformaları və “Telegram” kanalları vasitəsilə aparılan kampaniyada saxta metodlardan geniş istifadə edilir.

– Azərbaycanın müstəqil xarici siyasət kursunu hədəfə alan materiallar tirajlanır;

– “Deepfake” texnologiyası ilə Azərbaycan rəsmilərinin adından saxta açıqlamalar, “videoçıxışlar” hazırlanır;

– Rusiya daxilində Azərbaycana və azərbaycanlılara qarşı nifrətin yaradılmasına hesablanmış dezinformasiyalar yayılır.

Bu kampaniyanın birbaşa yuxarıların – Kremlin, Rusiya Müdafiə Nazirliyinin istiqamətverici tezisləri ilə mərkəzləşdirilmiş şəkildə aparıldığı aydın görünür. Qarayaxma kampaniyasını icra edən resurslar iki kateqoriyaya ayrılır.

Rəsmi media: bu, Rusiya dövləti tərəfindən birbaşa maliyyələşən resurslardır.

Bura “Rossiya-1”, “Rossiya-24” telekanalları, “Sputnik”, “Russia Today” agentlikləri və digərləri daxildir. “Rossiya-1” telekanalında Ukraynaya qarşı döyüşən erməni muzdluların geyimləri üzərində Qarabağda keçmiş qondarma rejimin saxta “simvolları”nın xüsusi nümayiş etdirməsi, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycana qarşı açıq təxribat idi. “Sputnik”, “Russia Today” agentlikləri mütəmadi olaraq, rəsmi Bakının müstəqil siyasi kursunu hədəfə alan materiallar tirajlayır, bununla yanaşı, informasiya siyasətini anti-Azərbaycan mövqeyində qururlar. Rusiya dövləti tərəfindən maliyyələşən “Komsomolskaya Pravda” kimi qəzetlər isə azərbaycanlılara qarşı etnik nifrətin yayılması missiyasını icra edir.

Qeyri-rəsmi media: bu, “müstəqil” görünən, lakin birbaşa Kremlin nəzarətində olan sosial media platformaları, “Telegram” kanallarıdır. Misal üçün, “Rybar”, “Kremlyovskaya Tabakerka”, “Kotenok”, “Varqonzo” kimi kanallar mütəmadi olaraq, Azərbaycana qarşı saxta iddialara əsaslanan informasiyalar tirajlayır.

Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyədə qiymətləndirməsi, hətta bu ölkədən qaynaqlanan problemlərə rəğmən, ikitərəfli əlaqələrin inkişafında maraqlı olması fonunda qarayaxma kampaniyasının davamlı şəkildə həyata keçirilməsi qeyri-adekvat mövqedir. Və rəsmi Bakı tərəfindən təəssüflə qarşılanır.

Prezident İlham Əliyevin IV Qlobal Şuşa Media Forumunda Rusiya ilə münasibətlər haqqında sualı cavablandırarkən, səsləndirdiyi fikilər rəsmi Bakının mövqeyini açıq şəkildə ifadə etdi. Dövlət başçısı bəyan etdi ki, biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük.

Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Onlar həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, həm də yarana biləcək yenilərini əhatə edir. Əlbəttə, burada nəqliyyat, ticarət və humanitar əməkdaşlıq mühüm rol oynayır”, – Prezident vurğulayıb.

Xarici işlər naziri Ceyhun Bayramov da bu gün – 16 iyulda Rusiyaya səfər edib. Prezident İlham Əliyevin fikirləri və xarici işlər nazirinin səfəri Azərbaycanın Rusiya ilə münasibətlərə verdiyi önəmi təsdiq edir. Bu o deməkdir ki, rəsmi Bakı daha öncə baş vermiş problemlərin geridə qaldığını düşünür, gələcəyə baxaraq, münasibətlərin inkişafında maraqlıdır. Rusiyada isə Azərbaycanla münasibətlərə dair ikiüzlü mövqe sərgilənir: bir tərəfdən rəsmilər müsbət bəyanatlar verir, digər tərəfdən isə informasiya müstəvisində ölkəmizə qarşı hibrid hücumlar təşkil olunur;

Səbəb sirr deyil, şovinizm, ksenofoiya, milli nifrətin hökm sürdüyü Rusiyada bu yanaşma dövlət siyasətini əsir alıb. Rusiya rəsmi şəkildə çoxmillətli dövlət adlandırılsa da, bu ölkədə digər millətlərə və dinlərə qarşı hər zaman ayrı-seçkilik olub. Misal üçün, 2018-ci ildə Dövlət Dumasında qəbul edilən qanunla milli respublikalarda yerli dillərin məlktəblərdə məcburi tədrisi ləğv olundu, könüllülük prinsipi tətbiq edildi ki, nəticə etibarilə yerli dillərin sıxışdırılması dövlət siyasəti səviyyəsinə yüksəldi. Bu məhdudiyyətlər təkcə dillə bağlı deyil, milli hərakatlar, yerli xalqların hüquqlarını müdafiə edən təşkilatlar da qadağandır. Eyni qadağalar qeyri-ənənəvi dini icmalara da şamil olunur. 2017-ci ildən etibarən Rusiya Ali Məhkəməsi qeyri-ənənəvi dini icmaların fəaliyyətini qadağan edən qərarlar çıxarır. İslamofobiya da bu siyasətin tərkib hissəsidir. Moskva daxil olmaqla Rusiyanın böyük şəhərlərində bir neçə məscid fəaliyət göstərsə də, müsəlman icmalarının fəaliyyəti dövlət tərəfindən nəzarətdə saxlanılır, Kremlin icazəsi olmadan icmaların fəaliyyətinə imkan verilmir.

Ukraynaya qarşı müharibə başlandıqdan sonra Rusiyada ksenofobiya və milli ayrı-seçkilik pik həddə çatıb. Müharibədə ön cəbhəyə əsasən etnik azlıqlar göndərilir, səfərbərlik də Yakutiya, Başqırdıstan, Dağıstan və digər etnik bölgələrdə geniş şəkildə aparılır. Bununla yanaşı, qeyri-rus vətəndaşlar məcburi şəkildə hərbi qeydiyyata alınaraq, müharibəyə göndərilir, vətəndaşlığı olmayan miqrantlar qarşısında isə “ya müharibədə iştirak, ya da deportasiya” seçimi qoyulur. Hətta toplanma mərkəzlərinə gətirilən miqrantların cinayət təqibi ilə təhdid olunaraq, müharibəyə aparılması halları geniş yayılıb. Polis əməkdaşlarının intensivləşən reydlərinin əsas hədəfi də Qafqaz və Mərkəzi Asiya mənşəli insanlardır. Bu kontekstdə Azərbaycana və azərbaycanlılara qarşı qarayaxma kampaniyasının aparılması, etnik nifrətin yayılması təəccüblü deyil.

Moskva bu siyasəti ilə Cənubi Qafqazdakı mövcud reallıqlar fonunda Bakının müstəqil xarici siyasət kursuna təzyiq etmək istəyir. Rusiyada yaşayan və bu ölkənin inkişafında müstəsna rol oynayan azərbaycanlıların “mütəşəkkil cinayətkar qruplaşma” kimi təqdim edilməsinin səbəblərindən biri də budur. Digər səbəbi isə milli azlıqları hədəfə almaqla cəmiyyətin diqqətini ölkədəki mövcud problemlərdən yayındırmaq, xüsusilə Ukrayna müharibəsindəki məğlubiyyəti və iqtisadi çətinlikləri arxa plana keçirməkdir. Dövlət səviyyəsində ksenofobiya, şovinizm və milli ayrı-seçkilik elementlərindən istifadə olunaraq, həyata keçirilən “gündəmi dəyişmək” əməliyyatı cari dövrdə iki konkret səbəbdən də qaynaqlanır.

Birincisi, Ukrayna ordusununun sarsıdıcı zərbələrlə Rusiya hakimiyyətini çətin vəziyyətə salmasıdır. Moskva vəziyyətdən çıxmaq məqsədilə Azərbaycan və azərbaycanlılar da daxil olmaqla, müxtəlif “xarici düşmən” obrazı yaradır, bununla ictimai rəyi idarə etməyə və problemləri gizlətməyə çalışır.

İkincisi, Dumaya keçiriləcək seçkilərdir. Ölkədə müharibə və ağır iqtisadi vəziyyət narazılığın artması ilə nəticələnib. Belə vəziyyətdə ictimai diqqəti süni şəkildə yaradılan kənar məsələlərə yönəltməyə cəhd edirlər.

Lakin bu kimi cəhdlər artıq işləmir, çünki Kremlin köhnə metodologiyaya əsaslanan siyasəti çürüyüb. Qərb sanksiyaları Rusiya iqtisadiyyatını çökdürür, Ukrayna ordusunun ardıcıl zərbələri isə ölkədə yanacaq böhranı yaradıb. Bu problemlər fonunda “etnik nirət kartı”nı işə salmaq “saman çöpündən yapımaq”dan başqa bir şey deyil. Rusiyanı Azərbaycanın timsalında “xarici düşmən” obrazı yaratmaq cəhdi də xilas etməyəcək. Çünki Cənubi Qafqazda yüzillərdir mövcud olmuş “sistem” aradan qalxıb və yeni reallıqlar yaranıb. Prezident İlham Əliyevin də dediyi kimi, “Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib”. Rusiya bu reallıqlara uyğun mövqe sərgiləməli, köhnə metodologiyadan imtina etməli, region ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmalıdır. Bunun əksi – regionda imperativ diktələr etmək cəhdi və öz daxilində etnik nifrət siyasəti Rusiyanın özünə zərər verir. Moskva xüsusilə Cənubi Qafqazda münasibətlər sistemini və güc balansını formalaşdıran Bakı ilə münasibətlərə diqqət etməlidir. Azərbaycana nəyisə diktə etmək mümkün deyil və belə cəhdlər Rusiyanın maraqlarına zərbə vurur.

Asif Nərimanlı

Related Articles

Bir cavab yazın

Back to top button