AZERFAX TV

BMT qurumlarında Çinlə eyni cərgədə

Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemindəki yeri artıq sadəcə coğrafi üstünlüklərlə deyil, həm də qlobal idarəetmə mexanizmlərindəki fəallığı ilə müəyyən olunur. Ölkəmizin nüfuzlu beynəlxalq platformaların rəhbər strukturlarında təmsil olunması illərdir yürüdülən daxili və xarici siyasətin bir-birini tamamlayan məntiqi yekunudur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş strateji kursun Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun, daha dinamik və praqmatik şəkildə davam etdirilməsi Bakını regional oyunçudan qlobal təşəbbüslər mərkəzinə çevirib. Bu, dövlətin sadəcə öz maraqlarını qoruması deyil, həm də beynəlxalq məsuliyyəti bölüşən etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

Beynəlxalq münasibətlərin mürəkkəb və çoxqütblü xarakter aldığı bir dövrdə Azərbaycan özünün “seçki diplomatiyası” ilə yeni bir standart müəyyən etməkdədir. 2025-ci ilin yekunları göstərir ki, Azərbaycanın beynəlxalq struktur və qurumların rəhbər orqanlarında təmsil olunmaq üçün irəli sürdüyü bütün namizədlər ümumilikdə 14 nəfər beynəlxalq ictimaiyyət tərəfindən tam dəstəklənib. Diplomatik praktikada eyni vaxtda bu qədər fərqli istiqamətdə 100 faizlik nəticə əldə etmək fenomenal bir nailiyyət kimi qiymətləndirilir.

Bu mənzərə onu deməyə əsas verir ki, Azərbaycan artıq beynəlxalq arenada təkcə öz milli maraqlarını qoruyan dövlət deyil, həm də qlobal məsuliyyəti öz üzərinə götürən strateji bir mərkəzdir. Dünya dövlətlərinin bu qədər genişmiqyaslı dəstəyi ölkəmizin daxili sabitliyinə, xarici siyasətinin proqnozlaşdırıla bilən olmasına və ən əsası, etibarlı tərəfdaş imicinə verilən kollektiv qiymətdir. Beləliklə, Bakı artıq sadəcə masada əyləşən tərəf deyil, masanın arxasında gündəmi müəyyənləşdirən və qlobal arxitekturaya öz imzasını atan əsas aktora çevrilib.

Beynəlxalq təşkilatlarda əldə olunan üzvlüklərin coğrafiyası və fəaliyyət istiqamətləri də xüsusi diqqət çəkir. Belə ki, dayanıqlı inkişaf, miqrasiya, turizm, sosial siyasət, ətraf mühitin mühafizəsi, mədəni irsin qorunması və humanitar əməkdaşlıq sahələrində təmsilçilik artıq ölkəmizin qlobal gündəliyin demək olar bütün əsas istiqamətlərində fəal iştirak etdiyini göstərir. Bu isə Azərbaycanın beynəlxalq siyasətinin yalnız regional təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, qlobal problemlərin həllinə töhfə verməyə yönəldiyini nümayiş etdirir.

Azərbaycanın müasir xarici siyasətində baş verən keyfiyyət dəyişikliyi özünü ən qabarıq şəkildə BMT-nin ixtisaslaşmış institutları ilə münasibətlərdə göstərir. Ölkəmizin beynəlxalq insan hüquqları sistemindəki mövqeyinin güclənməsi artıq bir niyyət deyil, konkret institusional uğurlarla təsdiqlənmiş reallıqdır. Xüsusilə 2026-cı ilin iyun ayında keçirilən seçkilər Azərbaycan diplomatiyası üçün bir növ “qızıl dövr” sayıla bilər. Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması (CEDAW), Mülki və siyasi hüquqlar (ICCPR) və Uşaq hüquqları (CRC) üzrə komitələrdə qazanılan maksimum nəticə, Bakının qlobal standartların müəyyənləşdirilməsində birbaşa iştirak hüququnu möhkəmləndirib.

Bu nailiyyətlərin strateji əhəmiyyəti ondadır ki, Azərbaycan hazırda BMT-nin on əsas müqavilə qurumundan beşində, yəni tən yarısında təmsil olunur. Belə bir yüksək təmsilçilik faizi ölkəmizi beynəlxalq hüquq arxitekturasında Çin kimi nəhəng dövlətlərlə eyni cərgəyə, qlobal reytinqdə ikinci və üçüncü yerləri bölüşmək səviyyəsinə yüksəldib. Bu rəqəmlər sadəcə bir “diplomatik rekord” deyil; bu, Azərbaycanın qlobal qərarların qəbulu prosesində “səslərin sayından” daha çox, “sözün çəkisi” ilə fərqlənən bir aktora çevrildiyini sübut edir

Müasir dünya nizamında dövlətlərin nüfuz iyerarxiyası ciddi bir transformasiya mərhələsindən keçir. Artıq klassik “super güc” anlayışı öz yerini daha çevik, balanslaşdırılmış və vasitəçilik potensialı yüksək olan “orta güc” subyektlərinə verməkdədir. Azərbaycanın beynəlxalq arenadakı bugünkü statusu məhz bu yeni konyukturanın ən parlaq nümunəsidir. Ölkəmizin qazandığı diplomatik çəki artıq yalnız iqtisadi göstəricilər və ya coğrafi yerləşmə ilə deyil, müxtəlif, bəzən hətta ziddiyyətli geosiyasi qütblər arasında etibarlı kommunikasiya körpüsü qura bilməsi ilə ölçülür.

Bu, sadəcə bir “xarici siyasət uğuru” deyil; bu, dövlətçilik fəlsəfəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır. Maddi resurslar və hərbi potensial hər nə qədər mühüm olsa da, müasir diplomatiyada “yumşaq güc” və beynəlxalq qurumlardakı etibar faktoru qərarların qəbulunda daha həlledici rol oynayır. Azərbaycanın qlobal gündəliyin formalaşdırılmasında aktiv iştirakçıya çevrilməsi, beynəlxalq təşkilatlarda qazanılan sarsılmaz etimad Bakının artıq təkcə regionda deyil, dünya miqyasında strateji bir oyunçu kimi qəbul edildiyini təsdiqləyir. Beləliklə, ölkəmiz üçün beynəlxalq təmsilçilik müstəvisində açılan bu yeni səhifə, milli maraqların qlobal müstəvidə daha effektiv müdafiə olunması üçün fundamental zəmin yaradır.

Azər ALLAHVERƏNOV

Milli Məclisin deputatı,

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü,

Türk Dövlətləri Təşkilatın üzv ölkələrin QHT Platformasının Baş katibi

Related Articles

Bir cavab yazın

Back to top button