AZERFAX TV

Dünyada milyarderlərin sayı rekord həddə çatdı

2025-ci ildə dünyada milyarderlərin sayı rekord həddə – 3795 nəfərə çatıb ki, bu da bir ildə 8,2% artım deməkdir. Bu, son beş ildə qeydə alınan ən yüksək artım göstəricisidir.

AZERFAX.AZ xəbər verir ki, “Altrata” şirkətinin “Billionaire Census” tədqiqatına əsasən, son bir onillikdə bu qrupun sayı demək olar ki, 60% artıb.

Milyarderlərin ümumi sərvəti il ərzində 12,8% artaraq rekord 15,1 trilyon dollara çatıb. Bu, “S&P 500” indeksinə daxil olan şirkətlərin ümumi bazar kapitallaşmasının təxminən dörddə birini təşkil edir.

Sərvətin artmasının əsas hərəkətverici qüvvələrindən biri süni intellekt (Sİ) sahəsinə investisiya bumu olub. Bütün dünyada 150 ən böyük açıq səhmdar cəmiyyətindən (milyarderlərin sərvətinin artmasına ən böyük töhfə verənlər) Sİ sahəsinə fəal investisiya qoyanları 2024–2025-ci illərdə kapitallaşma artımı nümayiş etdiriblər ki, bu da orta hesabla bu sahəyə əhəmiyyətli investisiya yatırmayan şirkətlərin göstəricisini 23% üstələyib.

Bununla yanaşı, ən böyük milyarderlərin sərvəti getdikcə daha dar bir qrupun əlində cəmləşir. 2025-ci ildə hər birinin sərvəti 50 milyard dolları ötən dünyanın ən varlı 29 şəxsi birgə 4,1 trilyon dollara sahib olub ki, bu da milyarderlərin bütün sərvətinin 27%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə sərvəti 50 milyard dollardan çox olan 10 nəfərin payına ümumi kapitalın cəmi 7,2%-i düşürdü.

Şimali Amerika milyarderlərin əsas yaşayış regionu statusunu qoruyub saxlayıb. 2025-ci ildə burada onların sayı 11,6% artaraq 1337 nəfərə çatıb ki, bu da qlobal göstəricinin 35%-ni təşkil edir. Avropada milyarderlərin sayı təxminən 8% (1081 nəfər), Asiyada isə 6,5% (881 nəfər) artıb.

ABŞ ən çox milyarderi olan ölkə olaraq qalır: bir ildə onların sayı 11,5% artaraq 1265-ə çatıb. Çində milyarderlərin sayı 13% artsa da, onların miqdarı əvvəlki kimi ABŞ-nin göstəricisindən üç dəfədən çox geridə qalır.

Avropanın ən böyük kapital bazarı olan Almaniyada lider 15 ölkə arasında milyarderlərin sayının artımı ən sürətlisi — 20% olub.

Milyarderlərin orta yaşı 71-dir, qadınlar isə bu qrupun cəmi 13%-ni təşkil edir. Milyarderlərin təxminən 20%-i hazırda yaşadıqları ölkənin hüdudlarından kənarda doğulub. Londonda əcnəbi mənşəli milyarderlərin payı təxminən 60%-ə, San-Fransiskoda 41%-ə, Nyu-Yorkda isə 19%-ə çatır.

Milyarderlərin böyük əksəriyyəti öz sərvətini öz gücünə yaradıb və yalnız 8%-i onu tam şəkildə miras alıb. Onlar üçün ən böyük sahə bank işi və maliyyə olaraq qalır.

Milyarderlərin təxminən 15%-inin şəxsi təyyarəsi var, dəbdəbəli yaxtaya sahib olanların sayı isə bundan demək olar ki, üç dəfə azdır. Ən sevimli hobbilər arasında idman və xeyriyyəçilik yer alır. Bununla belə, 201 milyarder (ümumi sayın 5%-indən bir qədər çoxu) birbaşa hər hansı idman komandasına və ya franşizaya məxsus paya sahibdir.

Önümüzdəki onillikdə irsi varisliyin böyükmiqyaslı ötürülməsi gözlənilir. Milyarderlərin 5 minə yaxın həyat yoldaşı və yetişkin övladı, proqnozlara görə varislərə keçəcək 6,6 trilyon dolların əhəmiyyətli hissəsini əldə edə bilər.

Potensial varislər arasında 1235-dən çox şəxs var. Sərvəti miras alacaq yetişkin övladların orta yaşı 48, həyat yoldaşlarının orta yaşı isə 66-dır. Bununla belə, gələcək varis övladların 23%-i artıq valideynləri ilə birlikdə çalışır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button