Türkiyədən Rusiyaya meyvə-tərəvəz ixracı 8,3% artıb


Türkiyədən Rusiyaya meyvə-tərəvəz məhsullarının tədarükü bu ilin əvvəlindən avqustun 20-dək 8,3% artaraq 568,5 min tona çatıb.
AZERFAX.AZ xəbər verir ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 524,8 min ton olub.
Artım əsasən mandarin, nektarin, ərik, şaftalı və qreypfrut idxalının yüksəlməsi hesabına baş verib. Belə ki, Rusiyaya mandarin tədarükü 39,2% artaraq 224,3 min tona, nektarin idxalı 2,6 dəfə artaraq 62,6 min tona çatıb. Ərik tədarükü 47,9% artaraq 40 min ton, şaftalı 31,4% artaraq 36,9 min ton, qreypfrut isə 27,5% artaraq 22,7 min ton olub.
Məlumata əsasən, tərəflər arasında keçirilən görüşdə məhsul çeşidinin genişləndirilməsi, karantin-fitosanitar və baytarlıq nəzarəti, taxılın keyfiyyəti və təhlükəsizliyi, həmçinin pestisid qalıqlarına nəzarət məsələləri müzakirə olunub.
Türkiyə tərəfi Rusiyanın və Avrasiya İqtisadi İttifaqının tələblərinin yerinə yetirilməsi istiqamətində işlərin aparıldığını bildirib.
Tərəflər kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılması və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.



