AZERFAX TV

Ermənistanı qarışdırmaq üçün “DÜYMƏ BASILDI”

Ermənistan Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələri ilə bağlı qərarı mübarizənin sonu deyil, siyasi müqavimətin yeni, daha genişmiqyaslı mərhələsinin başlanğıcıdır.

AZERFAX.AZ TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın beş müxalif siyasi qüvvəsi birgə bəyanat yayıb.

Bəyanat Samvel Karapetyanın “Güclü Ermənistan” və Robert Köçəryanın “Ermənistan” blokları, həmçinin Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan”, Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi” və “Milli Demokratik Qütb” partiyaları tərəfindən verilib.

Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlamaq barədə qərar qəbul edib.

İyunun 7-də Ermənistanda başa çatan parlament seçkilərində deputat mandatı uğrunda iki blok və 16 siyasi partiya mübarizə aparıb. Seçkilərin favoriti hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası idi. Onun əsas rəqibi isə respublikanın ən varlı şəxslərindən biri olan Samvel Karapetyanın “Güclü Ermənistan” bloku hesab olunurdu.

Bir həftə sonra Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb. “Çiçəklənən Ermənistan” partiyası 3,9 faiz (58 287 səs) toplayaraq parlamentə düşmək üçün lazım olan 4 faizlik keçid həddini aşa bilməyib. Beləliklə, parlamentə “Vətəndaş müqaviləsi” (49,7%), “Güclü Ermənistan” (23,2%) və “Ermənistan” (9,9%) blokları daxil olacaq. Bununla da, “Vətəndaş Müqaviləsi” təkbaşına Nazirlər Kabinetini formalaşdırmaq hüququ qazanıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button