Gəncənin Məhsəti qəsəbəsinin su basma problemi həll edilir – VİDEO

Son illər qərb bölgəsində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti Gəncənin Məhsəti qəsəbəsində, əsasən də Müşfiq Adıgözəlov küçəsində böyük problemlər yaradırdı. Bu ərazidə yaşayan insanlar güclü yağışlar zamanı küçənin bir tərəfindən o biri tərəfinə keçməkdə çox böyük çətinliklər yaradırdı. AZERFAX.az-ın yerli bürosu bu problemlər barədə dəfələrlə süjetlər təqdim edib. Bu ərazidə 15-ə yaxın fərdi evlərdə yaşayan sakinlər sel sularının küçəyə dolmasından, evlərini, həyətyanı sahələrini, zirzəmiləri su basması ilə bağlı mütəmadi olaraq şikayətlənirdir. Nəhayət ki, sakinlərin bu problemi öz həllini tapıb.
İntensiv yağıntıların yaratdığı sel sularının yaratdığı mövcud vəziyyətin aradan qaldırılması məqsədilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi və Dövlət Su Ehtiyatı Agentliyinin yerli qurumları tərəfindən ərazidə qabaqlayıcı tədbirlərə görülməyə başlanılıb. Belə ki, adıçəkilən ünvanda sel sularının ötürlüməsi üçün ümumilikdə 367 metr məsafədə xəttin çəkilməsi nəzərdə tutulub. Hazırda işlərə başlanılıb və icrası davam etdirilir.
Layihə çərçivəsində 132 metr uzunluğunda 400 mm-lik və 120 metr uzunluğunda 300 mm-lik suötürücü boruların döşənməsi artıq həyata keçirilib. Qazıntı işləri 70 sm-dən başlayaraq hazırda 1 metr 50 sm dərinliyədək davam etdirilir. Yağış sularının effektiv şəkildə kənarlaşdırılması məqsədilə xəttin çəkilişi müasir standartlara cavab verən koreqa borular vasitəsilə aparılır. Ərazidə su ötürmə infrastrukturunun daha səmərəli şəkildə işləməsini təmin etmək üçün hər küçədə bir ədəd baxış quyusunun və yağış sularını qəbul edən barmaqlıqların quraşdırılması da nəzərdə tutulub. Bu elementlər həm texniki baxımdan sistemin işlək vəziyyətdə qalmasını təmin edəcək, həm də təmizləmə və baxım işlərini asanlaşdıracaqdır. Qeyd edək ki, sözügedən ərazidə bəzi fərdi yaşayış evləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd şəkildə, layihələndirmə və infrastruktur təminatı nəzərə alınmadan inşa olunduğundan, bu tikililər subasma riskinə daha çox məruz qalıb.
AZERFAX.az Qərb Bürosu








