İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.
AZERFAX.AZ xəbər verir ki, səyyar qəbul çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öncə qəbulun keçiriləcəyi əraziyə baş çəkərək sakinlərlə birbaşa ünsiyyətdə olub, onları narahat edən problem və təklifləri dinləyib, qaldırılan məsələlərin aidiyyəti üzrə yerində araşdırılması məqsədilə ünvanlara baxış keçirib. Sakinlərlə səmimi söhbət edən icra başçısı onların gündəlik həyatına təsir göstərən sosial, kommunal və məişət xarakterli problemlərlə yaxından tanış olub, bəzi məsələlərin operativ həlli üçün aidiyyəti qurumların nümayəndələrinə yerində tapşırıqlar verib.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti səyyar qəbulu rayonun 53 nömrəli tam orta məktəbinin akt zalında keçirilib. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, bələdiyyə və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də aidiyyəti xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.
Çıxış edən sakinlər ölkə rəhbərliyinin vətəndaş müraciətlərinə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirərək, rayon rəhbərliyinin mütəmadi olaraq ərazilərə çıxması, problemləri yerində araşdırması və sakinlərlə birbaşa ünsiyyət qurmasını müsbət qiymətləndirib, göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Elşad Həsənov vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət orqanlarının fəaliyyətində əsas prioritetlərdən biridir və hər bir müraciətə qanunvericiliyin tələblərinə uyğun, obyektiv və həssas yanaşılır.



