AZERFAX TV

İran Ermənistanı hədələdi: Bunu etsən, Zəngəzur dəhlizi bombalanacaq

Tehran gözlənilmədən “Tramp Yolu”nun (Zəngəzur dəhlizi) tikintisi ilə bağlı sərt bəyanat verərək Nikol Paşinyana şərtlər irəli sürüb.

AZERFAX.AZ xəbər verir ki, İran hakimiyyəti TRIPP müdafiə işlərinin ya yalnız Ermənistan silahlı qüvvələri, ya da açıq-aydın Rusiya ordusuna istinad edərək Ermənistan ərazisində artıq mövcud olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən həyata keçirilməsini tələb edib. “News.am” saytının məlumatına görə, Tehran Amerika qoşunlarının öz sərhədində görünməsini istisna etməyə çalışır, əks halda iranlılar Amerika əsgərlərini qanuni hədəf hesab edəcəklər.

İranlı politoloq Puca Hüseyni “Hraparak”la söhbətində İrandan gələn bu mesaja istinad edərək qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələlər ortaya çıxanda belə, İran Ermənistanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü və suverenliyini qırmızı xətt hesab edirdi:

“Eyni məntiqlə, əgər həmin yolun və ya dəhlizin adı dəyişdirilsə, amma fenomen dəyişməsə, İranın da eyni sərt mövqeyi olacaq. İran həmişə bildirib ki, həmin yol 100 faiz Ermənistanın nəzarəti altında olmalıdır, əks halda İran qırmızı xətlərinin pozulduğunu hesab edəcək. İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir. TRIPP ilə bağlı bir çox sual var və bu barədə verilən aydınlaşdırmalar İran üçün yetərli deyil.

Rəsmi İrəvan dəfələrlə Tehranı İrana qarşı olmadığına və qırmızı xətlərinin pozulmadığına inandırmağa çalışıb, lakin bu layihənin üç tərəfi var və İran Ermənistana nə qədər etibar etsə də, digər tərəflərə etibar etmir. İran hazırda bir tərəflə müharibə vəziyyətindədir və bir müddət sonra bu layihənin İrana qarşı olmayacağına və ya Ermənistanın ərazi itkisinə səbəb olmayacağına dair heç bir əminlik yoxdur, çünki zaman-zaman İranın narahatlıqlarını daha da dərinləşdirən detallar ortaya çıxır. Bu, xüsusilə TRIPP layihəsinin müddəti ilə bağlıdır – 49 illik icarə müqaviləsi, sonradan bu müqavilə 99 ilə qədər uzadıla bilər. Bu layihənin taleyinin neçə il olacağı bəlli deyil”.

Ekspertin fikrincə, dünya dəyişəcək, güc balansı dəyişəcək, həm Ermənistanda, həm İranda, həm də ABŞ-da hakimiyyət dəyişəcək. İran üçün digər narahatedici hal TRIPP layihəsinin investisiya paketidir ki, bunun 76 faizi ABŞ-ın nəzarəti altındadır, Ermənistanınkı isə cəmi 26 faizdir. Bu layihəyə kimin investisiya qoyması da vacibdir.

İranlı siyasi analitik qeyd edir ki, milliyyətcə yəhudi olan bir şəxs ortaya çıxıb və digər insanların hansı millətdən olduğu, ümumiyyətlə kim olduqları bəlli deyil, onların həmçinin təqaüddə olan hərbçilər, kəşfiyyatçılar və s. olması mümkündür.

“Bu kimi və digər suallar çoxdur ki, İran heç vaxt cavablarını almayıb və bundan əlavə, onlar təhlükəsizliyi təmin etmək üçün hansısa beynəlxalq üçüncü tərəfin iştirakından danışırlar, halbuki İran həmişə bildirib ki, Ermənistan hansısa üçüncü tərəf deyil, təhlükəsizliyi təmin etməlidir. Narahatlıqlar getdikcə dərinləşir”, – Hüseyni qeyd edib.

TRIPP-in təhlükəsizliyini təmin etmək üçün Amerika və ya digər beynəlxalq təşkilatın qüvvələrinin Ermənistan ərazisinə qəfildən cəlb edilib-edilməməsi ilə bağlı suala cavab olaraq iranlı analitik bildirib ki, belə narahatlıqlar var.

“Allah eləməsin ki, ABŞ guya təhlükəsizliyi qorumaq üçün hərbi personal yerləşdirməyə çalışsın və biz bu cür hərəkətlərin nəticədə nəyə gətirib çıxardığını gördük. Əmirliklərdə, Fars körfəzinin ərəb ölkələri bizə əminlik verdilər ki, onların ölkələrinin ərazilərində Amerika hərbi mövcudluğu İrana qarşı deyil və onlar öz ərazilərinin İrana qarşı istifadəsinə icazə verməyəcəklər, halbuki sonda ABŞ istədiyini etdi. Və bu ölkələr nəinki heç nə edə bilmədilər, hətta təzyiqlər üzündən ABŞ-la İrana qarşı əməkdaşlıq etməyə başladılar. Onların ərazilərini ABŞ-a verməsi, İrana həmin ərazilərdən hücum etmələri, həmin ölkələrin ABŞ təzyiqinə tab gətirə bilməməsi faktıdır, buna görə də bu mesajlara ehtiyac yoxdur. Bizim təhlükəsizliyimiz Ermənistanın təhlükəsizliyidir, İranın təhlükəsizliyi Ermənistanın təhlükəsizliyidir, ortaq təhlükəsizlik problemlərimiz eynidir, eyni mühitdə yaşayırıq və birinin təhlükəsizliyi digərinin təhlükəsizliyi ilə bağlıdır”, – deyə Puca Hüseyni yekunlaşdırıb.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button