İraq və Pakistan Tehranla gizli şəkildə anlaşdılar

İraq və Pakistan Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qazın daşınması ilə bağlı İranla razılaşmalar əldə ediblər.
AZERFAX.AZ “Reuters”ə istinadla xəbər verir ki, bu hadisə Tehranın strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə enerji axınlarına nəzarət etmək imkanının aşkar təsdiqinə çevrilib.
ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar regiondan enerji daşıyıcılarının ixracını iflic edib ki, bu da normal şəraitdə dünya üzrə xam neft və qaz tədarükünün 20 faizini təşkil edir. Son həftələrdə ABŞ İran limanlarını blokadaya alıb. Oksford Enerji Araşdırmaları İnstitutunun eksperti Klaudio Stoyer qeyd edib ki, əgər əvvəllər İran boğazda hərəkəti tamamilə dayandırmağa çalışırdısa, indi onun taktikası dəyişib. Ekspertin fikrincə, İran Hörmüzü bloklamaqdan onun girişinə nəzarət etməyə keçib və hazırda bura neytral tranzit marşrutu deyil, nəzarət olunan bir dəhlizdir.
Gəlirlərinin 95 faizi neft satışından asılı olan İraq boğazın bağlanmasından ən çox zərər çəkən tərəflərdən biridir. Əvvəllər açıqlanmayan razılaşma çərçivəsində Bağdad hər biri təxminən 2 milyon barel neft daşıyan iki supertankerin təhlükəsiz keçidini təmin edə bilib və həmin gəmilər ötən bazar günü boğazdan uğurla keçiblər. İraqın Neft Nazirliyinin rəsmisi bildirib ki, hökumət növbəti daşımalar üçün İrandan razılıq almağa çalışır. O, İraqın İranın yaxın müttəfiqi olduğunu və İraq iqtisadiyyatına dəyən hər hansı zərbənin Tehranın bu ölkədəki maraqlarına da ziyan vuracağını izah edib.
Eynilə İslamabad da Qətər qazını daşıyan iki tankerin keçidi barədə Tehranla razılığa gəlib. Münaqişədə vasitəçi kimi çıxış edən Pakistan yay aylarında elektrik enerjisi istehsalı üçün yanacağa ciddi ehtiyac duyur. Mənbələr bu söhbətlərin mühüm detallarını vurğulayırlar: gəmilərin keçidi üçün İrana və ya İslam İnqilabı Keşikçiləri Korpusuna heç bir birbaşa ödəniş edilməyib. Qətər isə sövdələşmələrdə birbaşa iştirak etməsə də, Pakistana planlaşdırılan tədarüklər barədə ABŞ-ı öncədən məlumatlandırıb.
Analitiklərin məlumatına görə, hazırda boğazdan müharibədən əvvəlki gəmi həcminin cəmi 5 faizi keçir ki, bu da neft qiymətlərinin fevralın sonundan bəri 50 faizdən çox artmasına səbəb olub. Tehran müharibə bitdikdən sonra da boğaz üzərində nəzarəti saxlamaq niyyətindədir və bunun müqabilində təzminat, sanksiyaların ləğvi və dondurulmuş aktivlərin açılmasını tələb edir. ABŞ Prezidenti Donald Tramp artıq bu şərtləri yararsız adlandırıb ki, bu da sülhün tezliklə bərpa olunma şanslarını azaldır.
Bu vaxt ərzində İran öz nəzarət mexanizmlərini rəsmiləşdirir. Bağdaddan artıq hər bir gəmi üçün təyinat yeri, sahibi və yükün xüsusiyyətlərini əks etdirən ətraflı sənədlərin təqdim edilməsi tələb olunub ki, gəmilər İran hərbi dəniz qüvvələrinin nəzarəti altında müəyyən edilmiş marşrutlarla hərəkət etsinlər. Pakistan nümayəndəsi isə prosesin asan keçmədiyini, bəzən qaydaların gedişat zamanı dəyişdirildiyini, lakin işlərin davam etdiyini qeyd edib.
Hüseyn İbadlı



