AZERFAX TV

Mərkəzi Asiya ilə əməkdaşlıqda Azərbaycanın rolu genişlənir

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü keçirilir. Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Avrasiya məkanında iqtisadi və nəqliyyat əlaqələrinin istiqamətləri sürətlə dəyişir. Yeni ticarət marşrutlarının axtarılması, enerji resurslarının alternativ istiqamətlər üzrə daşınması və ölkələrin xarici bazarlara çıxış imkanlarını genişləndirmək cəhdləri regionlararası əməkdaşlığın əhəmiyyətini əvvəlkindən daha da artırıb. Bu prosesdə Xəzər hövzəsi xüsusi mövqeyə malikdir. Çünki bu məkan Şərqlə Qərbi birləşdirən mühüm coğrafi xətt olmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün də imkanlar yaradır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir. Siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir. İkitərəfli münasibətlərlə yanaşı, bu əlaqələr getdikcə daha geniş regional əməkdaşlıq formatında da yeni məzmun qazanır.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb.

Azərbaycanın Məşvərət Görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib. Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən 5-ci, 2024-cü ildə isə Astanada keçirilən 6-cı Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak və çıxış edib. Bu iştirak Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqa və regional əməkdaşlıq proseslərinə artan marağının göstəricilərindən biri olub.

2025-ci il noyabrın 16-da Özbəkistanın Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı barədə qərarın qəbul edilməsi münasibətlərin institusional baxımdan yeni mərhələyə keçməsinə şərait yaradıb. Bununla da əvvəllər “C5” formatında olan əməkdaşlıq platforması Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatında daha geniş regional məzmun qazanıb.

AZERFAX.AZ xəbər verir ki, AZƏRTAC Azərbaycanın Mərkəzi Asiya ilə inkişaf edən tərəfdaşlığının əsas istiqamətlərini, “C6” formatının əhəmiyyətini və yeni regional əməkdaşlıq imkanlarını təhlil edir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır.

Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri də məhz bu əməkdaşlıq gündəliyi fonunda diqqət çəkir. Səfər çərçivəsində dövlətimizin başçısının Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq prosesində artan rolunun növbəti göstəricisidir.

Bu yeni mərhələnin perspektivləri Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə diqqət mərkəzində olacaq. Görüşdə siyasi və diplomatik əməkdaşlığın möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər, sülh, sabitlik və təhlükəsizlik, ticarət-iqtisadi əlaqələrin və enerji əməkdaşlığının genişləndirilməsi, dayanıqlı nəqliyyat dəhlizlərinin inkişafı, ətraf mühitin və su ehtiyatlarının qorunması, eləcə də mədəniyyət, təhsil, elm və gənclər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Xəzərin iki sahilini yaxınlaşdıran amillər

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xəzərin qərb sahilində yerləşən Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Avropa arasında nəqliyyat və logistika əlaqələrinin formalaşdırılmasında mühüm halqa rolunu oynayır. Bu baxımdan Orta Dəhliz əməkdaşlığın əsas istiqamətlərindən biridir. Mərkəzi Asiyadan Xəzər vasitəsilə Azərbaycana daxil olan yüklərin daha sonra Qafqaz və Türkiyə ərazisindən Avropa istiqamətində daşınması üçün mövcud infrastrukturun inkişaf etdirilməsi qarşılıqlı iqtisadi maraqları artırır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdəki imkanlarını genişləndirir. Eyni zamanda, Mərkəzi Asiya ölkələri üçün alternativ marşrutların inkişafı onların xarici bazarlara çıxış imkanlarının şaxələndirilməsinə xidmət edir. Bu baxımdan Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı Orta Dəhliz boyunca nəqliyyat infrastrukturunun əlaqələndirilməsi, logistika prosedurlarının təkmilləşdirilməsi və yükdaşımaların səmərəliliyinin artırılması kimi məsələlərin daha geniş regional müstəvidə müzakirəsinə imkan yaradır.

Bu səbəbdən nəqliyyat məsələsi artıq yalnız logistika mövzusu deyil. Orta Dəhlizin inkişafı həm iqtisadi əlaqələrin dərinləşməsi, həm də Xəzər hövzəsində uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm istiqamətə çevrilib.

Azərbaycanın Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin inkişafında rolu yalnız infrastruktur imkanları ilə məhdudlaşmır. Xəzərin iki sahilində yerləşən dövlətlərin eyni əməkdaşlıq platformasında təmsil olunması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Bu da regionlararası ticarət və logistika zəncirlərinin daha sıx əlaqələndirilməsinə şərait yarada bilər.

Əməkdaşlığın gündəliyi genişlənir

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Mərkəzi Asiyanın enerji potensialı ilə Azərbaycanın beynəlxalq enerji infrastrukturu arasında əlaqələrin genişləndirilməsi yeni əməkdaşlıq imkanları üçün zəmin formalaşdırır. Enerji resurslarının yeni bazarlara çıxarılması, ötürülmə imkanlarının artırılması və müxtəlif nəqliyyat marşrutlarının bir-birini tamamlaması region ölkələrinin qarşılıqlı maraqlarını gücləndirir. Bu baxımdan nəqliyyat və enerji layihələrinin paralel inkişafı Xəzər üzərindən daha geniş iqtisadi əməkdaşlıq modelinin formalaşmasına şərait yarada bilər.

Enerji əməkdaşlığının yeni istiqamətləri sırasında elektrik enerjisi və yaşıl enerji layihələri də xüsusi yer tutur. Bu sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionun yeni enerji bazarlarına inteqrasiyasına töhfə verə bilər.

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər nəqliyyat və enerji ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi istiqamətlər də əməkdaşlığın gündəliyində mühüm yer tutur. Məşvərət Görüşləri çərçivəsində dövlət başçıları arasında keçirilən ikitərəfli görüşlər isə bu istiqamətlər üzrə konkret sazişlərin, memorandumların və birgə layihələrin müzakirəsi üçün əlavə imkan yaradır.

Regional əməkdaşlığın digər mühüm istiqamətini ekoloji məsələlər təşkil edir. İqlim dəyişiklikləri, su ehtiyatlarından səmərəli istifadə, Aral dənizinin və Xəzər hövzəsinin ekoloji problemləri ayrı-ayrı ölkələrin sərhədləri ilə məhdudlaşmayan məsələlərdir. Bu problemlərin həlli regional yanaşma və qarşılıqlı fəaliyyət tələb edir.

Əməkdaşlığın genişlənməsi yalnız iqtisadi və ekoloji məsələlərlə də yekunlaşmır. Azərbaycan və Mərkəzi Asiya xalqları arasında mövcud tarixi və mədəni yaxınlıq humanitar əlaqələrin inkişafı üçün mühüm zəmin yaradır. Təhsil, elm, mədəniyyət, turizm, gənclər və tələbə mübadiləsi sahələrində təmasların genişləndirilməsi qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və dövlətlərarası münasibətlərin sosial əsaslarının daha da güclənməsinə xidmət edir.

Bu baxımdan 2026-cı il ərzində də Məşvərət Görüşü formatında Azərbaycanın iştirakı davam edib. İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə Prezident İlham Əliyevin iştirakı regional dialoqun artıq yalnız illik rəsmi toplantılarla məhdudlaşmadığını göstərir. Görüşün yekununda dövlət başçıları tərəfindən Çolpon-Ata Bəyannaməsinin imzalanması isə əməkdaşlığın siyasi və institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım olub.

Bir sözlə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın gündəliyi nəqliyyat və enerji layihələrindən başlayaraq ticarət, investisiya, ekologiya, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm və humanitar əlaqələrə qədər geniş spektri əhatə edir. Bu çoxşaxəli yanaşma tərəfdaşlığın yalnız cari iqtisadi maraqlara deyil, həm də uzunmüddətli və dayanıqlı əməkdaşlıq prinsiplərinə əsaslanması üçün imkanlar yaradır.

“C6” formatı hansı perspektivlər vəd edir?

Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması formatın coğrafi sərhədlərini genişləndirməklə yanaşı, onun gündəliyinə yeni istiqamətlər gətirib. Azərbaycanın 2023-cü və 2024-cü illərdə fəxri qonaq kimi iştirakı, 2025-ci ildə isə tamhüquqlu iştirak barədə qərarın qəbul edilməsi bu prosesin mərhələli şəkildə inkişaf etdiyini göstərir. 2026-cı ilin iyulunda Çolpon-Atada keçirilən qeyri-rəsmi görüş isə yeni formatın praktiki müstəvidə də inkişafda olduğunu nümayiş etdirib.

“C6” çərçivəsində Azərbaycanın iştirakı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha geniş regional platformada müzakirəsinə imkan yaradır. Bu baxımdan Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əlaqələr ümumi regional gündəliyin mühüm hissəsinə çevrilir. “C6” yalnız rəqəmsal dəyişiklik deyil, əməkdaşlığın coğrafiyasının və məzmununun genişlənməsini ifadə edir. Azərbaycanın nəqliyyat imkanları, Mərkəzi Asiyanın resurs və bazar potensialı, Xəzərin birləşdirici funksiyası və Avropa istiqamətində formalaşan ticarət marşrutları bir-birini tamamlayan amillər kimi çıxış edir.

Məşvərət Görüşləri çərçivəsində siyasi məsələlərlə yanaşı, konkret iqtisadi və infrastruktur layihələrinin, enerji təşəbbüslərinin, nəqliyyat bağlantılarının və humanitar əməkdaşlıq imkanlarının müzakirə edilməsi formatın praktiki əhəmiyyətini də artırır. Dövlət başçıları arasında ikitərəfli təmasların bu prosesə əlavə dinamika verməsi isə çoxtərəfli platformada əldə olunan razılaşmaların ikitərəfli münasibətlər səviyyəsində də davam etdirilməsinə imkan yaradır.

Regionda gedən proseslər göstərir ki, Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlər artıq ayrı-ayrı ikitərəfli layihələrin çərçivəsindən çıxaraq daha geniş regional əməkdaşlıq modelinə doğru inkişaf edir. Nəqliyyat, enerji, ticarət, ekologiya, rəqəmsal inkişaf və humanitar əlaqələrin eyni platformada birləşməsi bu modelin əsas xüsusiyyətlərindən birinə çevrilir.

Bu baxımdan qarşıdakı mərhələdə siyasi dialoqun konkret iqtisadi və infrastruktur layihələri ilə möhkəmləndirilməsi, mövcud nəqliyyat imkanlarından daha səmərəli istifadə və Xəzər hövzəsində uzunmüddətli əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi əsas istiqamətlər sırasında yer ala bilər. Azərbaycanın “C6” formatında tamhüquqlu iştirakı isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar açan amillərdən biri kimi qiymətləndirilməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button