Qərb ölkələrinin neft ehtiyatları tükəndi

ABŞ və İsrailin İranla müharibəsi nəticəsində Qərb ölkələrində mövcud olan neft ehtiyatları tamamilə tükənib.
AZERFAX.AZ “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə Londonda keçirilən “Energy Intelligence” forumunda dünyanın ən böyük müstəqil neft treyderi olan “Vitol Group”un baş direktoru Rassell Hardi məlumat verib.
“Qərbdə artıq istifadə oluna biləcək ehtiyatlar qalmayıb. Biz mövcud ehtiyatları tükətmişik”, – deyə Hardi qeyd edib.
O xəbərdarlıq edib ki, neft məhsulları bazarındakı gərginlik yaxın aylarda da qalacaq və yəqin ki, bütün qış boyu davam edəcək.
Hardinin sözlərinə görə, bazar Yaxın Şərqdən gələn tədarüklər hesabına dayanır. Son 7–10 gün ərzində ordan sutkada təqribən 12 milyon barrel neft və 2 milyon barrel neft məhsulu çıxıb. Sutkada 10–14 milyon barrel həcmində olan bu axın bazarda balansın qorunub saxlanılmasına kömək edir.
“Bunsuz siz bir barrel üçün 200 dollar olan ssenari ilə qarşılaşacaqsınız, ona görə də bunun davam etməsi çox vacibdir”, – deyə “Vitol” şirkətinin rəhbəri bildirib.
Hardi böhranın təkamülünü belə təsvir edib: xam neft böhranı kimi başlayan proses neft məhsulları böhranına, indi isə gəmiçilik böhranına çevrilib. Onun sözlərinə görə, freytin (gəmi kirayəsinin) dəyəri proqnozlaşdırıla bilməz hala gəlib – heç kim xərcləri bir barrel üçün 2–4 dollardan daha dəqiq qiymətləndirə bilmir.
“Dünya hələ də neft emalı güclərinin çatışmazlığından əziyyət çəkir; əsas səbəb Rusiya infrastrukturuna endirilən zərbələr və Yaxın Şərqdə beş aylıq emal prosesinin itirilməsidir”, – o qeyd edib.
Bu fonda “G7” ölkələri və onların tərəfdaşları Beynəlxalq Enerji Agentliyi vasitəsilə strateji ehtiyatlardan 100 milyon barrel neft və dizel yanacağı azad etmək barədə razılığa gəliblər. Hardi bu qərarın təfərrüatlarını “tamamilə şəffaf deyil” adlandırıb.
O, həmçinin qeyd edib ki, Çin öz ehtiyatlarından istifadə etməklə may və iyun aylarda neft bazarı üçün “ağciyər” rolunu oynayıb, Asiyanın inkişaf etməkdə olan ölkələri isə buferin olmaması və Yaxın Şərq tədarüklərindən güclü asılılıq səbəbindən zərər çəkiblər.
Hüseyn İbadlı



