ADSEA: Hazırkı mərhələdə əsas hədəf su resurslarından daha rasional və qənaətli istifadəni formalaşdırmaqdır

Hazırkı mərhələdə əsas hədəfi su resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır.
AZERFAX.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.
Onun sözlərinə görə, ənənəvi selləmə suvarma ilə müqayisədə damcı və pivot suvarma sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı məhsuldarlığın artırılmasına da imkan yaradır: “Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin mühüm hissəsi də məhz müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulmasına, su uçotunun təkmilləşdirilməsinə və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə yönəlib. Çünki müasir çağırışlara əsasən, aqrar sektor və kənd təsərrüfatının gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişləndirilmə ilə deyil, mövcud su və torpaq ehtiyatlarından daha maksimum səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir”.
Z.Mikayılov qeyd edib ki, dövlət investisiyaları ilə yanaşı, daxili imkanlar hesabına, 2025-ci il ərzində su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2813 metr daş-beton bənd əsaslı təmir edilib, 204 subartezian quyusu əsaslı təmir olunub: “Cari təmir planı çərçivəsində isə 6 378 subartezian quyusu, 842 nasos stansiyası və 2 779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib. Həyata keçirilən bu tədbirlər suvarma sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, su itkilərinin azaldılmasına və kənd təsərrüfatı istehsalının davamlı inkişafına xidmət edir”.
O vurğulayıb ki, lakin su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə də məhdudlaşmır: “Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb. Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarının düzgün, səmərəli və qanunvericiliyə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu çərçivədə mənbələrdən su ehtiyatlarının götürülməsi qaydalarına əməl olunması, müxtəlif xarakterli çirklənmələrdən qorunması və ekoloji tarazlığın saxlanılması, su limitlərinə dəqiqliklə əməl olunması, su itkilərinin qarşısının alınması də əsas prioritetlər sırasındadır”.



