AMB-nin valyuta ehtiyatları tarixi rekorda çatıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları məbləğində və ya33 % artaraq tarixi maksimuma – 15,3 milyard ABŞ dollarına yüksəlib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə AMB məlumat yayıb:
“Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə cari ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib”.
AMB bildirir ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir:
“Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq”.



