Ölkə

Həkimdən kondisioner xəbərdarlığı – Virus təhlükəsi qapıda

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə də artır. Mütəxəssislər bildirirlər ki, yüksək temperatur, qapalı məkanlarda uzun müddət qalmaq və temperaturun tez-tez dəyişməsi virus infeksiyalarının yayılma riskini artıra bilər.

AZERFAX.AZ xəbər verir ki, Akdeniz Universitetinin müəllimi, həkim Süleyman İbzenin sözlərinə görə, virus infeksiyalarına yalnız payız və qış aylarında deyil, ilin bütün dövrlərində rast gəlmək mümkündür. Yayda isə bəzi amillər bu infeksiyaların yayılmasını asanlaşdırır.

Həkim xüsusilə isti havadan birbaşa çox soyuq və kondisionerli məkana daxil olmağın, yaxud əksinə, temperaturun kəskin dəyişməsinin yuxarı tənəffüs yollarının selikli qişasına təsir göstərə biləcəyini bildirib. Bundan başqa, yaxşı havalandırılmayan kondisionerli məkanlarda asqırma və öskürmə zamanı havaya yayılan damcılar eyni mühitdə olan insanların yoluxma riskini artıra bilər.

Mütəxəssis virus infeksiyalarından qorunmaq üçün sadə, lakin vacib qaydalara əməl etməyi tövsiyə edir. Əllərin mütəmadi yuyulması, şəxsi gigiyenaya diqqət edilməsi, xəstə insanlarla yaxın təmasın məhdudlaşdırılması və zərurət yarandıqda maskadan istifadə yoluxma riskinin azalmasına kömək edə bilər.

Yay aylarında tərləmə ilə maye itkisi artdığı üçün kifayət qədər su qəbul etmək də vacibdir. Həkim düzgün qidalanmanın və orqanizmin maye balansının qorunmasının xəstəlik zamanı da əhəmiyyətli olduğunu vurğulayıb.

Mütəxəssis həmçinin insanların yayda xəstəliklərə daha az əhəmiyyət verdiyini və bunun nəticəsində istirahətin və simptomlara uyğun müalicənin gecikdirilə bildiyini deyib. Xüsusilə risk qrupuna daxil olan şəxslərdə virus infeksiyaları daha ağır keçə bilər.

Mütəxəssis üç gündən artıq davam edən qızdırma, ümumi vəziyyətin nəzərəçarpacaq dərəcədə pisləşməsi və ya simptomların getdikcə şiddətlənməsi zamanı vaxtında həkimə müraciət etməyi tövsiyə edib. Təcili xarakter daşımayan şikayətlərin isə ilkin olaraq ailə həkimi tərəfindən qiymətləndirilməsi məsləhət görülür.

Related Articles

Bir cavab yazın

Back to top button