Ölkə

İnək tullantısı sərvət qazandırır – Qızıldan da bahadır

İnəklərin öd kisəsində yaranan və uzun illər tullantı kimi qəbul edilən öd daşları son dövrlərdə yüksək dəyər qazanıb. Nadir rast gəlinən bu daşlara xüsusilə Uzaq Şərq ölkələrində böyük tələbat var.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, ənənəvi Çin təbabətində min illərdir istifadə olunan mal-qaraya məxsus öd daşları bu gün yüksək qiymətə satılır. “Niu Huang” adı ilə tanınan bu maddə bəzi dərmanların hazırlanmasında xammal kimi istifadə olunur.

Məlumata görə, xüsusilə insult və ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilən bəzi ənənəvi Çin dərmanlarının tərkibində öd daşına rast gəlinir. Heyvanlarda bu daşların nadir yaranması isə onların qiymətini xeyli artırıb.

ABŞ-nin “Wall Street Journal” qəzetinin məlumatına görə, öd daşının bir unsiyasının qiyməti 5 800 dolları ötüb. Bu, onun eyni çəkidə qızıldan təxminən iki dəfə baha satılması deməkdir.

Qiymətlərin artması bəzi ölkələrdə qeyri-qanuni bazarın yaranmasına səbəb olub. Braziliya, Avstraliya və ABŞ-da mal-qara saxlanılan ərazilərdə öd daşı axtarışı genişlənib. Braziliyanın bəzi kəndlərində isə silahlı şəxslərin yalnız öd daşı əldə etmək üçün fermalara və kəsim məntəqələrinə basqın etdiyi bildirilir.

Tələbatın artması və oğurluq hallarının çoxalması Çində alimləri alternativ yollar axtarmağa vadar edib. Tədqiqatçılar laboratoriya şəraitində süni öd daşları hazırlamağa başlayıblar. Buna baxmayaraq, təbii yolla yaranan daşlar hələ də daha qiymətli hesab olunur.

Maraqlıdır ki, Uzaq Şərqdə tələbat yalnız heyvan öd daşları ilə məhdudlaşmır. İnsanlardan çıxarılan öd daşlarının da internet üzərindən yüksək məbləğlərə satıldığı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button