İnsan rekordlarını geridə qoyan robot hazırlandı


Çinin “Unitree Robotics” şirkəti yeni insansı robot prototipini təqdim edib.
AZERFAX.AZ xəbər verir ki, “Superman” kod adlı robot cəmi üç ay ərzində hazırlanıb və həm şaquli tullanma, həm də qaçış sürəti üzrə insan rekordlarını geridə qoyub.
Şirkətin yaydığı məlumata görə, robot yerindən 2 metr hündürlüyə tullana və saniyədə 12,66 metr sürət yığa bilir. Bu, təxminən 45,6 km/saat sürət deməkdir.
0,85 metr ayaq uzunluğuna malik robotun maksimal sürəti Usain Boltun təxminən 12,42 m/s olan rekord sürətindən də yüksəkdir. Beləliklə, “Superman” hər iki göstəricidə insan performansını üstələyib.
“Unitree Robotics” robotun hələ ilkin inkişaf mərhələsində olduğunu və qarşıdakı aylarda hərəkətə nəzarət, sabitlik və enerji səmərəliliyi baxımından daha da təkmilləşdiriləcəyini açıqlayıb.
Qeyd edilib ki, bu cür texnologiyalar gələcəkdə axtarış-xilasetmə, sənaye və digər mürəkkəb sahələrdə insansı robotların imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.



