Ölkə

Paşinyanın şəxsi həyatı məhkəməlik oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi həyatı və Anna Akopyanla münasibətlərinin bitməsi barədə yayılan məlumatlara görə hüquqi mübarizəyə başlayıb. O, iddiaları yayan şəxslərdən məlumatların təkzibini və 11 min dollar məbləğində kompensasiya tələb edir.

AZERFAX.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Paşinyan Yerevan Birinci İnstansiya Məhkəməsinə Anna Gevorkyan və “Iravunk Tert” MMC-yə qarşı iddia təqdim edib.

Mübahisəyə Anna Gevorkyanın 30 sentyabr 2026-cı ildə “Haykakan Zham” adlı Facebook səhifəsində paylaşdığı məlumatlar səbəb olub. Həmin paylaşımda Paşinyan və Anna Akopyanın ayrılmasının arxasında maliyyə məsələlərinin dayandığı iddia edilib.

Nəşrdə cütlüyün böyük sərvət topladığı, bu vəsaitlərin rəsmiləşdirilməsi üçün addımlar atdığı, həmçinin Anna Akopyanın Parisin mərkəzində 5,7 milyon avro dəyərində mülk aldığı barədə məlumatlar yer alıb. Onun 2018–2020-ci illərdə İsveçrəyə səfərləri də müzakirə mövzusu olub.

Paşinyan isə yayılan məlumatları yalan və böhtan xarakterli hesab edir. Baş nazir cavabdehlərdən həmin iddiaların yayımlandığı platformalarda rəsmi təkzib dərc etmələrini tələb edir.

İddiada təkzibin məhkəmə qərarı qüvvəyə mindikdən sonra beş iş günü ərzində yayımlanması, ilkin materialla eyni görünürlükdə olması və qeyri-müəyyən müddətə açıq saxlanılması da nəzərdə tutulur.

Bununla yanaşı, Paşinyan hər iki cavabdehdən qeyri-maddi zərərə görə ümumilikdə 4 milyon dram (təxminən 11 min dollar) kompensasiya ödənilməsini istəyir.

Məhkəmənin iddia ilə bağlı yekun qərarı barədə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button