Qadınlar 40 yaşdan sonra necə formada qala bilər?


40 yaşdan sonra qadın orqanizmində baş verən hormonal dəyişikliklər çəki artımını və bədən quruluşundakı dəyişiklikləri sürətləndirə bilər.
AZERFAX.AZ xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına görə, qadınlarda menopauza adətən 45–55 yaş arasında başlayır və bu dövrdə sağlam qidalanma, fiziki aktivlik və yuxu rejimi xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssislər bu yaş dövründə sərt pəhrizlərdən və uzunmüddətli aclıqdan uzaq durmağı, balanslı qidalanmağa üstünlük verməyi tövsiyə edirlər. Rasionda tərəvəz, meyvə, tam taxıllı məhsullar, paxlalılar, balıq və yağsız protein mənbələri artırılmalı, şəkər, duz, doymuş və trans yağların istehlakı məhdudlaşdırılmalıdır.
ÜST gündəlik duz qəbulunun 5 qramdan az olmasını, 10 yaşdan yuxarı şəxslər üçün isə gündə ən azı 400 qram meyvə və tərəvəz, 25 qram təbii lif qəbulunu tövsiyə edir.
Çəkiyə nəzarətdə yalnız qidalanma deyil, müntəzəm fiziki aktivlik də mühüm rol oynayır. Gəzinti, üzgüçülük və əzələ gücləndirən məşqlər həm çəkinin qorunmasına, həm də sağlam yaşlanmaya kömək edir.
Hormonal dəyişikliklərlə yanaşı, sürətli və səbəbsiz çəki artımı müşahidə edilərsə, bunun yalnız yaşlanma ilə əlaqələndirilməsi düzgün deyil. Belə hallarda həkim müayinəsindən keçmək və mümkün hormonal və digər sağlamlıq problemlərini araşdırmaq vacibdir.



