Rusiya dronları Ukrayna–Moldova sərhədini vurdu – Ölənlər var

Rusiya pilotsuz uçuş aparatları ilə Ukrayna və Moldova sərhədində yerləşən keçid məntəqəsinə zərbə endirib.
AZERFAX.AZ “Reuters”ə istinadən xəbər verir ki, hücum Ukraynanın Odessa vilayətində yerləşən Starokozache beynəlxalq sərhəd-keçid məntəqəsində baş verib.
Odessa vilayətinin rəhbəri Oleh Kiperin məlumatına görə, hücum nəticəsində iki mülki şəxs həlak olub, üç nəfər yaralanıb. Zərbədən sonra ərazidə yanğın baş verib, sərnişinlərin və nəqliyyat vasitələrinin sərhəddən keçidi müvəqqəti dayandırılıb.
Ukrayna Sərhəd Xidmətinin sözçüsü Andriy Demçenko bildirib ki, Rusiyanın əsas məqsədlərindən biri ölkənin logistika və ticarət marşrutlarının fəaliyyətini pozmaq ola bilər. Onun sözlərinə görə, son həftələrdə Rusiya Ukraynanın beş sərhəd-keçid məntəqəsinə zərbə endirib. Bunlardan dördü Moldova, biri isə NATO üzvü Rumıniya ilə sərhəddə yerləşir.
Moldova Prezidenti Maya Sandu hücumu pisləyərək ölkənin hava məkanının müdafiəsinin gücləndiriləcəyini bildirib.
Eyni zamanda Rusiya qüvvələri Kiyevə də yeni dron hücumları həyata keçirib. Hücumlar nəticəsində paytaxtın müxtəlif ərazilərində yanğınlar baş verib və infrastruktura ziyan dəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə baş verənlərdən sonra beynəlxalq ictimaiyyəti Moskvaya qarşı təzyiqi artırmağa çağırıb.



