Ölkə

Rusiyada miqrantların pul köçürmələrinə 3% vergi qoyula bilər

Rusiyada miqrantların ölkədən xaricə həyata keçirdikləri bank köçürmələrinə 3%-lik xüsusi vergi tətbiq edilməsi təklif olunub.

AZERFAX.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, təşəbbüslə “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov çıxış edib. O bildirib ki, xarici vətəndaşlar tərəfindən xaricə göndərilən hər bank köçürməsinə 3% ödəniş tətbiq edilməlidir.

Mironovun sözlərinə görə, 2026-cı ildə miqrantlar Rusiyadan xaricə 17 milyard rubldan çox vəsait köçürüblər. Onun iddiasına görə, hazırda bu vəsait vergiyə cəlb olunmur.

Təklif Rusiyada çalışan Özbəkistan vətəndaşlarına da təsir göstərə bilər. Özbəkistan Miqrasiya Agentliyinin məlumatına əsasən, ölkə vətəndaşlarından təxminən 834 200 nəfər Rusiyada işləyir.

Özbəkistan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkəyə xaricdən fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,3 milyard dollara çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13% və ya 1,1 milyard dollar çoxdur.

Köçürmələrin 4,8 milyard dolları, yaxud ümumi məbləğin 51,7%-i P2P sistemi vasitəsilə birbaşa bank kartlarına göndərilib. Bu göstərici illik müqayisədə 32% artıb.

Beynəlxalq pulköçürmə sistemləri vasitəsilə isə 4,3 milyard dollar vəsait göndərilib. Bu məbləğ ümumi köçürmələrin 46,7%-ni təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button