Vaşinqton sazişi: Cənubi Qafqazda tarixi dönüş və yeni reallıqlar – NAHİD CANBAXIŞLI YAZIR

Bundan tam bir il əvvəl-dünya diplomatiyasının mərkəzi olan Vaşinqtonda Cənubi Qafqazın gələcəyini kökündən dəyişən tarixi bir hadisə baş verdi. Ağ Evin dərin siyasi iradəsi və ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsü nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan uzun illər davam edən münaqişəyə son qoyan Azərbaycan-Ermənistan Sülh Sazişini məhz Vaşinqtonda parafladılar.
Bu sənəd sadəcə iki Cənubi Qafqaz ölkəsi arasındakı düşmənçilik səhifəsini qapatmadı, həm də ABŞ-ın regiondakı sülhməramlı liderliyinin və Donald Tramp administrasiyasının praqmatik xarici siyasətinin ən parlaq qələbələrindən biri olaraq tarixə düşdü. Ötən bir il ərzində bu sülhün praktiki müstəvidə reallaşması və Vaşinqtonun Bakı ilə münasibətlərində yaranan yeni geosiyasi reallıqlar regionun simasını tamamilə yenidən formalaşdırdı.
Donald Trampın Ağ Evə qayıdışı ilə ABŞ-ın xarici siyasətində uzunmüddətli, nəticəsiz qalan bürokratik proseslər əvəzinə birbaşa nəticəyə hesablanmış “deal-making” (razılaşma) diplomatiyası üstünlük təşkil etdi. Tramp administrasiyası yaxşı anlayırdı ki, Avrasiyanın kəsişməsində yerləşən Cənubi Qafqazda sabitlik olmadan nə qlobal enerji təhlükəsizliyini, nə də Avrasiya nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin etmək mümkündür.
Vaşinqton görüşü zamanı Prezident Donald Tramp həm Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan praqmatik mövqeyini, həm də sülhə hazır olmaq iradəsini yüksək qiymətləndirmişdi. Tramp administrasiyası tərəflərə heç bir kənar diktə etmədən, qarşılıqlı maraqlara və ərazi bütövlüyünün tanınmasına əsaslanan bir çərçivə təqdim etdi. Bir il əvvəl paraflanan həmin sənəd sübut etdi ki, Ağ Evin birbaşa dəstəyi ilə Cənubi Qafqazda onilliklər boyu həll olunmaz görünən problemlər məhz güclü liderlərin siyasi iradəsi ilə həllini tapa bilər. Sülh sazişinin paraflanmasından ötən bir il ərzində Azərbaycanla ABŞ arasındakı ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə-hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Bakının regionda yaratdığı yeni reallıqlar və yürütdüyü müstəqil xarici siyasət Vaşinqton tərəfindən həm tərəfdaşlıq, həm də qarşılıqlı hörmət müstəvisində qiymətləndirilir.
Qeyd etməliyəm beynəlxalq siyasət inistutlarının da qəbul etdiyi kimi Azərbaycan yalnız Xəzər dənizinin hydrocarbon ehtiyatları ilə deyil, həm də yaşıl enerjinin ixracı üzrə Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib. ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji layihələrində fəal iştirak edirlər. Həmçinin sülh sazişindən sonra regionda nəqliyyat kommunikasiyalarının açılması ABŞ-ın da geoiqtisadi maraqlarına tam cavab verir, ikincisi Orta Dəhlizin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan əsas logistik mərkəz kimi çıxış edir. Üçüncüsü Bakı ilə Vaşinqton arasında terrorizmə qarşı mübarizə, kiber təhlükəsizlik və Xəzər hövzəsində təhlükəsizliyin qorunması istiqamətində kəşfiyyat və təcrübə mübadiləsi dərinləşib. Sülh sazişinin paraflanmasından keçən bir il ərzində sərhədlərin delimitasiyası prosesində əldə olunan irəliləyişlər, iqtisadi əlaqələrin bərpası istiqamətində atılan ilkin addımlar və hər iki ölkə cəmiyyətlərində sülhə adaptasiya dövrü göstərdi ki, Vaşinqtonda atılan imza formal xarakter daşımır.
Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf modelinin reallaşmasında göstərdiyi qətiyyətli liderlik ABŞ-ın yüksək dairələrində böyük rəğbətlə qarşılanır. Tramp administrasiyası isə Cənubi Qafqazda davamlı sülhün qarantı kimi çıxış etməklə özünün qlobal miqyasda sülh yaradıcısı imicini bir daha möhkəmləndirdi.
Vaşinqton zirvəsindən keçən bir il onu göstərdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması sadəcə tarixi bir an deyil, həm də gələcəyin rifah və əməkdaşlıq təməlidir. ABŞ-Azərbaycan münasibətləri isə bu təməlin üzərində qurulan, qarşılıqlı etimad və strateji maraqlara söykənən dayanıqlı bir körpüyə çevrilmişdir. Vaşinqton administrasiyası Cənubi Qafqazı artıq münaqişələr ocağı deyil, qlobal ticarət və sülh bölgəsi kimi görür ki, bunda da rəsmi Bakının praqmatik siyasətinin rolu əvəzsizdir.



