Azərbaycan-Laos münasibətləri qarşılıqlı etimada söykənir

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Azərbaycanın xarici siyasətində müxtəlif regionlar və dövlətlərlə qarşılıqlı maraqlara, etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin şaxələndirilməsi prioritet təşkil edir. Bu kontekstdə Cənub-Şərqi Asiya regionunun perspektivli ölkələrindən biri olan Laos Xalq Demokratik Respublikası ilə əlaqələrin yeni mərhələyə qaldırılması respublikamızın beynəlxalq əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu günlərdə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri, oktyabrın 13-də Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə keçirilən görüşləri ikitərəfli münasibətlərin gələcək inkişaf dinamikasını müəyyənləşdirən siyasi hadisə oldu. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ın qəbul olunması, müxtəlif sahələri əhatə edən sənədlərin mübadilə edilməsi və dövlət başçılarının mətbuata bəyanatlarla çıxışları ikitərəfli tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirdi.
İki ölkə arasında diplomatik münasibətlərin 30 ildən artıq bir dövrü əhatə etməsi siyasi dialoq üçün sağlam zəmin formalaşdırıb. Azərbaycan və Laos beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən parlamentlərarası platformalarda ardıcıl olaraq sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyirlər. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında vurğulayıb ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir:
“Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır”.
Bu möhkəm siyasi zəmin iki ölkə arasında iqtisadi və humanitar sahələrdə real nəticələrin əldə olunmasını daha da sürətləndirir. Beynəlxalq müstəvidə nümayiş etdirilən qarşılıqlı dəstək və həmrəylik ikitərəfli tərəfdaşlığın gələcək inkişafı üçün etibarlı zəmanətdir.
Məhz bu siyasi etimadın və yüksəksəviyyəli dialoqun mərkəzində duran əsas hədəf mövcud potensialı iqtisadi, humanitar və texnoloji sahələrdə real, praktik nəticələrə çevirməkdir. Səfər zamanı qəbul edilən Birgə Bəyanat və əməkdaşlığa dair imzalanan sənədlər münasibətlərin gələcək yol xəritəsini müəyyən edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Siyasi dialoqun yüksək səviyyəsinə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensialdan aşağı olması iqtisadi əlaqələrin intensivləşdirilməsini zəruri edir. Bu istiqamətdə sahibkarlar arasında birbaşa təmasların qurulması, investisiya imkanlarının öyrənilməsi və birgə layihələrin təşviqi müstəsna rol oynayır. Oktyabrın 14-də Bakıda Azərbaycan-Laos biznes forumunun keçirilməsi biznes dairələrinin bir-birini daha yaxından tanıması, tərəfdaşlıq imkanlarını qiymətləndirməsi və konkret təşəbbüslər irəli sürməsi üçün mühüm platforma rolunu oynayır. Enerji, faydalı qazıntıların işlənməsi və kənd təsərrüfatı sahələri qarşılıqlı sərmayə qoyuluşu üçün böyük perspektivlər vəd edir. İnvestisiya fəaliyyətinin genişləndiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir:
“Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır”.
Müasir dövrdə nəqliyyat və logistika imkanlarının birgə qiymətləndirilməsi də Azərbaycan-Laos tərəfdaşlığının mühüm tərkib hissələrindən biridir. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində, xüsusilə Orta dəhliz layihəsində artan strateji rolu, genişləndirilmiş liman və dəmir yolu infrastrukturu beynəlxalq yükdaşımalar üçün geniş imkanlar yaradır. Laosun qonşu dövlətlərlə dəmir yolu bağlantılarını inkişaf etdirməsi isə regional və qlobal nəqliyyat şəbəkələrinin inteqrasiyasına şərait yaradır. İki ölkənin nəqliyyat marşrutlarının kəsişmə imkanlarına toxunan dövlətimizin başçısı bildirib:
“Müzakirə etdiyimiz məsələlərdən biri də bağlantılar və nəqliyyatdır. Cənab Prezident bildirdi ki, onların qonşu ölkələrlə dəmir yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər”.
İkitərəfli münasibətlərin digər mühüm dayağı təhsil və humanitar sahələrdəki ənənələrdir. Sovet dönəmində iki mindən çox laoslu tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması xalqlarımız arasında səmimi dostluq körpüsü yaradıb. Bu ənənənin yenidən canlandırılması, Laos gəncləri üçün Azərbaycanda təqaüd proqramlarının təşkili, ali məktəblər arasında təcrübə və mütəxəssis mübadiləsinin həyata keçirilməsi humanitar əlaqələri yeni müstəviyə daşıyacaq.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa işləri fonunda mina təhlükəsi ilə mübarizə, təhlükəsiz təmizləmə texnologiyalarının və təcrübənin paylaşılması da humanitar təhlükəsizliyin təmin edilməsi baxımından faydalı əməkdaşlıq sahələrindən biridir.
Eyni zamanda, bu rəsmi səfərin Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yeddinci Zirvə görüşü ərəfəsinə təsadüf etməsi Azərbaycanın Asiya qitəsində dialoq və etimadın möhkəmlənməsinə verdiyi töhfəni bir daha nümayiş etdirir.
Ümumilikdə, Laos Prezidentinin Azərbaycana səfəri, keçirilən yüksəksəviyyəli görüşlər və təşkil olunan biznes forumu iki dövlət arasında diplomatik münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarşılıqlı hörmətə, milli maraqlara və uzunmüddətli tərəfdaşlığa söykənən əlaqələr ticarət dövriyyəsinin artırılması və birgə layihələrin gerçəkləşməsi ilə hər iki xalqın rifahına və regional əməkdaşlığın güclənməsinə xidmət edəcək.


