Rusiya 7 istiqamətdə üstünlüyü ələ KEÇİRDİ – Böyük hücum gözlənilir

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığından sonra özünün “Telegram” kanalında Ukraynanın qeyd-şərtsiz 30 günlük atəşkəsə hazır olduğunu yazıb.
Zelenski bildirib ki, atəşkəsin həyata keçirilməsi üçün Rusiya da şərtlər irəli sürməkdən əl çəkməlidir.
Beləliklə, Zelenski heç bir şərt irəli sürmədən atəşkəsin əldə olunmasına razılıq verir. Rusiya isə hələ də tələblərini dəyişməyib. Kreml Ukrayna ilə bağlı əvvəlki tələblərində qalmaqda davam edir. Həmçinin, Rusiya genişmiqyaslı hücuma hazırlaşır.
Belə vəziyyətdə görəsən Ukraynanı nə gözləyir?
AZERFAX.az xəbər verir ki, mövzu ilə açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib ki, rus ordusu hazırda faktiki olaraq, Xarkov, Sumi, Donetsk, Luqansk, Zaporojye, Xerson və Nikolayev istiqamətlərində maksimum üstünlüyü təmin edib. Yay aylarında isə Rusiya daha böyük hücum kampaniyasına start verməyi düşünür:
“Ukrayna müharibəsində atəşkəs və sülhün əldə olunması ilə bağlı şərtlər kökündən dəyişib. İki il əvvəl Rusiya Zelenski ilə razılığa gəlmək fikrində idisə, artıq belə bir mövqe yoxdur. O baxımdan hesab edirəm ki, Rusiya tərəfindən əməliyyatların dayandırılması və sülhün əldə olunması üçün şərtlər daha da sərtləşdirilib.
Moskva qeyd-şərtsiz Ukraynanın təslim olması və əlavə şərtləri qəbul etməsini istəyir. Digər tərəfdən, müharibə qaydaları var. Adətən uduzmaq ərəfəsində olan tərəf sülh bağlamağa və əməliyyatları dayandırmağa daha çox canfəşanlıq edir. Qalib tərəfin isə bu məsələdə mövqeyi tamamilə fərqli olur. Bu baxımdan Rusiyanın mövqeyi başadüşüləndir”.
Ekspert qeyd edir ki, Kreml rəsmi Kiyevi maksimum şəkildə öz şərtlərinə tabe etdirməyə çalışır:
“Bu məsələnin hərbi-siyasi tərəfidir. Taktiki baxımdan isə Rusiya artıq şərq istiqamətindən Dnepr çayına yaxınlaşmaq üzrədir. Onlar həmçinin, Kursk vilayətində üstünlüyü təmin ediblər. Rus ordusu bu gün faktiki olaraq, Xarkov, Sum, Donetsk, Luqansk, Zaporojye, Xerson və Nikolayev istiqamətlərində maksimum üstünlüyü təmin edib. Ona görə də Rusiya növbəti yay kampaniyasına başlayaraq, daha böyük üstünlüklər əldə etmək niyyətindədir.
ABŞ-la aparılan danışıqlarda da Rusiyanın prosesi uzatmaq cəhdi də məhz bununla bağlıdır. Hesab edirəm ki, bu vəziyyət Ukrayna üçün daha acınacaqlı şərtlərin irəli sürülməsinə qədər gəlib çıxacaq”. (Bizim. Media)