Əziz Ələkbərli: Qərbi Azərbaycandan qovulan soydaşlarımız hələ də qaçqın həyatı yaşayır

Qərbi Azərbaycandan qovulan qaçqınlarımız bu gün də qaçqın həyatı yaşamaqdadır.
AZERFAX.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunan Qərbi Azərbaycana Qayıdış Tarixi Ədalətin Bərpası və İnsan Hüquqları adlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qərbi Azərbaycanın əsas hədəfi məhz qaçqınlarımızın öz ata-baba yurduna qayıtması məsələsidir:
“Qərbi Azərbaycan İcması təkcə son deportasiya dövründə deyil, son iki yüz il ərzində tarixi torpaqlarında yaşamış soydaşların üzləşdiyi faciələri və Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. İcma beynəlxalq hüquqa əsaslanaraq bu insanların hüquqlarının tanınmasını və təmin olunmasını beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən tələb edir. Bu gün Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılır. Hesab edirik ki, bu danışıqlar çərçivəsində Qərbi Azərbaycan qaçqınlarının öz doğma torpaqlarına qayıdışı məsələsinə də aydınlıq gətirilməlidir”.
QAİ sədri qeyd edib ki, ölkə əhalisinin beşdən biri uzun illər qaçqın, köçkün taleyi yaşayıb.
“Qaçqınların sayına görə dünyanın bir sıra ölkələri Azərbaycanı üstələsə də, əhalinin ümumi say nisbətinə görə son 38 ildə Azərbaycan, demək olar ki, bütün ölkələri üstələyib”.



