Gəncənin mərkəzi küçəsində zibillərin daşınmamasının günahkarı kimdir?

Bu günlərdə bəzi sosial şəbəkələrdə Gəncənin Nağıbəy Şeyxzamanov küçəsində, şəhərin Mərkəzi Univermağının yaxınlığında yerləşən zibil qablarının dolub-daşması, tullantıların ətrafa yayılması ilə ərazidə xoşagəlməz görüntü yaranması ilə bağlı xəbərlər yayılıb. Həmin məlumatda sakinlər məişət tullantılarının vaxtı vaxtında daşınmaması ilə bağlı şikayətlər də yer alıb.
Məsələ ilə bağlı AZERFAX.az-ın yerli bürosu Gəncə şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət edib. Qurumdan bildirilib ki, qeyd olunan küçədə “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi və həmçinin Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzildən binanın sakinlərinin məişət tullantılarının toplanması və bərk məişət tullantılarının daşınması, zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsi məqsədilə obyektin yaxınlığında tutumu 1,1 kubmetr olan 6 ədəd konteyner yerləşdirilib. Həmin konteynerlərdən tullantıların mütəmadi olaraq, hər gün daşınması təmin edilir.
Bu xidmətin keyfiyyətli və mütəmadi reallaşdırılması məqsədilə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi ilə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 01.01.2020-ci il tarixində aylıq 1000 manat xidmət haqqı nəzərdə tutulmaqla müqavilə bağlanıb. Birliyin 1C ödənişlərə nəzarət proqramında əks olunan məlumatlara əsasən, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi tərəfindən 01.01.2020-ci il tarixindən etibarən xidmət haqqı üzrə bəzi aylarda ödənişlər həyata keçirilməmiş, xüsusilə 2026-cı ilin fevral ayından etibarən 7 aylıq xidmət haqqı üzrə hər hansı ödəniş edilməyib. 2020-ci ildən bugünə kimi Birlik tərəfindən mütəmadi olaraq hər gün “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinə xidmət göstərilir. Nəticədə, göstərilmiş bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə həmin obyekt üzrə ümumilikdə 18267,84 manat məbləğində debitor borc yaranıb. Yaranmış debitor borcun ödənilməsi ilə bağlı “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin rəhbərliyinə dəfələrlə rəsmi və şifahi qaydada müraciətlər edilmiş, borcun ödənilməsi zərurəti diqqətə çatdırılmışdır. Lakin edilmiş müraciətlərə baxmayaraq, mövcud debitor borc bu günədək əsassız şəkildə ödənilməyib.
Qurumdan onu da əlavə ediblər ki, 2025-ci ilin dekabr ayında “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin daxilində fəaliyyət göstərən bir sıra satış obyektlərinin fəaliyyəti dayandırılaraq həmin ərazidə “Tam Store” MMC tərəfindən iri həcmli market fəaliyyətə başlayıb. Bununla əlaqədar, “Tam Store” MMC ilə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 15.12.2025-ci il tarixindən aylıq 450 manat xidmət haqqı müəyyən edilməklə ayrıca müqavilə bağlanıb.
Qeyd olunanlarla əlaqədar “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin rəhbərliyi tərəfindən Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəsmi müraciət edilərək, “Tam Store” MMC ilə ayrıca müqavilə bağlanmasını əsas gətirməklə, obyekt üzrə aylıq xidmət haqqının 1000 manatdan 750 manata endirilməsi xahiş edilib. Müraciət nəzərə alınaraq, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi üzrə aylıq xidmət haqqı 1000 manatdan 750 manata endirilib.
“Aylıq xidmət haqqının azaldılmasına və Birlik tərəfindən bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin mütəmadi olaraq göstərilməsinə baxmayaraq, həmin obyekt tərəfindən xidmət haqqı üzrə ödənişlər əsassız şəkildə hələ də həyata keçirilməyib” deyə birlikdən əlavə ediblər.
İki qurum arasında yaranan böyük borcun aradan qaldırılması məqsədilə birliyin hüquqi əsasda aidiyyatı orqanlara müraciət edəcəyi nəzərdə tutulub.
Kommunal Birlikdən onu da əlavə etdiklər ki,aAparılan hesablamalara əsasən, Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzil üzrə vətəndaşlarında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə ümumilikdə 4288 manat məbləğində debitor borc yaranıb:
“Gəncə şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir daha əhali və qeyri əhali qrupundan xahiş edir ki, bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərin görə, aylıq ödənişlər, həmçinin yarana debitor borclar vaxtında ödənilsin. Belə olan halda MKTİB fəaliyyətində bu kimi axsamalar müşahidə olunmaz” deyə birlikdən AZERFAX.az-ın yerli bürosuna bildirilib.
Məqsəd Rəhimov



