YAY ƏKİN-BİÇİN İŞLƏRİ: BU İL SAHƏLƏRDƏ NƏ MÜŞAHİDƏ ETDİK?

Bir təsərrüfatçı kimi builki yay əkin-biçin mövsümünü əvvəlki illərlə müqayisə edərək deyə bilərəm ki, ümumi mənzərə müsbətdir. Ölkə üzrə yay üçün xarakterik olan qarğıdalı, günəbaxan, pambıq, soya, kartof, tərəvəz, bostan bitkiləri və digər kənd təsərrüfatı məhsullarının becərilməsi və suvarılması mövcud imkanlar çərçivəsində əsasən qrafik üzrə həyata keçirildi.
Əvvəlki illərdə bəzi ərazilərdə daha ciddi şəkildə hiss olunan su təminatı problemləri bu il eyni miqyasda özünü göstərmədi. Xüsusilə suvarmaya ehtiyacı yüksək olan qarğıdalı, pambıq, günəbaxan və tərəvəz-bostan sahələrində suvarma işlərinin vaxtında aparılması məhsuldarlıq baxımından mühüm əhəmiyyət daşıdı.
Təbii ki, hər şey problemsiz olmadı. Suvarma prosesində ayrı-ayrı sahələrdə texniki nasazlıqlar, suyun vaxtında çatdırılması ilə bağlı müəyyən çətinliklər və digər çatışmazlıqlar da müşahidə edildi. Amma əsas məqam odur ki, yaranan problemlərə operativ reaksiya verildi və bir çox nöqsanlar qısa müddətdə aradan qaldırıldı.
Bu, xüsusilə kənd təsərrüfatında çox vacibdir. Çünki əkinçinin məhsulu təkcə torpağın münbitliyindən və düzgün aqrotexniki tədbirlərdən deyil, həm də suvarmanın vaxtında və düzgün təşkilindən asılıdır.
Builki müşahidələrim onu göstərir ki, suvarma imkanlarından daha səmərəli istifadə olunması və mövcud infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması fonunda məhsuldarlığın qorunması və bir sıra sahələrdə artırılması üçün real imkanlar var.
Əlbəttə, qarşıda görüləsi işlər çoxdur. Amma təsərrüfatçı üçün əsas olan nəticədir: sahə vaxtında su görürsə, aqrotexniki tədbirlər düzgün aparılırsa, məhsul üçün ümid də var.
Bu baxımdan builki yay mövsümünü mən ümumilikdə uğurlu və əvvəlki illərlə müqayisədə daha sistemli qiymətləndirirəm.
Əsas hədəf isə bəllidir: daha çox məhsul, daha səmərəli su istifadəsi və əkinçinin əməyinin daha yüksək nəticə verməsi.
Anar Hüseynov – Fermer



