“iPhone”larda ciddi problem üzə çıxdı

“Apple” yeni “iPhone” modellərində aşkarlanan problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “ZDNet” yazıb.
Məlumata görə, yeniləmənin əsas məqsədi yeni “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində üzə çıxan kritik xətaları düzəltməkdir. Problemlərdən biri Face ID vasitəsilə üzü skan etməyə cəhd zamanı smartfonun donmasına və ya yenidən başlamasına səbəb olub.
Digər xəta isə Bildirişlər Mərkəzi ilə İdarəetmə Mərkəzinin eyni vaxtda açılması zamanı ekranın donmasına gətirib çıxarıb. Bu problem yalnız yeni modellərdə deyil, digər “iPhone”larda da müşahidə olunub.
Jurnalist Lens Uitni bildirib ki, tamamilə yeni əməliyyat sistemi və cihazlarda funksional xətaların yaranması qeyri-adi deyil. Onun sözlərinə görə, “Apple” bu problemlərə vaxtında reaksiya verib.
Şirkət eyni zamanda “iPad” planşetləri, “Mac” kompüterləri və “Vision Pro” qarışıq reallıq eynəyi üçün də yeni proqram yeniləmələri yayımlayıb.
iOS 27.0.1 yeniləməsini iPhone-da Parametrlər → Əsas → Proqram təminatının yenilənməsi bölməsindən yükləmək mümkündür. (metbuat. az)



