Böyük ZəfərinQubadlı səhifəsi

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Oktyabrın 25-də Vətən müharibəsi tarixinin ən əlamətdar hadisələrindən birinin – Qubadlı şəhərinin işğaldan azad edilməsinin 5 – ci ili tamam olur. Bu hərbi uğur Azərbaycan Ordusunun düşmən üzərindəki strateji üstünlüyünü bir qədər artırdı, qələbə gününü bir qədər də yaxınlaşdırdı.
Qubadlı rayonu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırdığı 1988-ci ildən silahlı təcavüz və terrorla üz-üzə qalmışdı. Bunun da əsas səbəbi rayonun Ermənistan və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə həmsərhəd olması idi. Həmin vaxtdan erməni silahlıları hər iki istiqamətdən Qubadlının yaşayış məntəqələrinə hücumlar etməyə başlayıb, dinc əhaliyə qarşı davamlı şəkildə terrorlar törədiblər.
Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğalı nəticəsində rayonun sakinləri məcburi köçkün vəziyyətinə düşmüş və respublikamızın müxtəlif yaşayış məntəqələrində yerləşdirilmişdilər. İşğal nəticəsində Qubadlıda 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü düşmən tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdı. Qubadlıda həm də Ermənistan tərəfindən qanunsuz məskunlaşma aparılmışdı. Xarici ölkələrdən gətirilən ermənilər rayon ərazisində yerləşdirilmiş, onlar üçün erməni diasporunun vəsaiti ilə rayonun Xanlıq kəndi ərazisində qəsəbə salınmışdı. Cenevrə konvensiyalarına görə işğal edilən torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Bununla da Ermənistan işğal dövründə daha bir cinayətə imza atmışdı.
Vətən müharibəsi günlərində Cəbrayılın, Hadrutun, Füzulinin və Zəngilanın azad edilməsindən sonra Azərbaycan xalqı növbəti qələbə müjdələrindən birinin Qubadlıdan olacağına əmin idi. Bu inamı daha da gücləndirən isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun sürətli hücumu idi. Beləliklə, Zəngilanın işğaldan azad edilməsindən cəmi 5 gün sonra – oktyabrın 25-də Müzəffər Ali Baş Komandan özünün sosial şəbəkə hesabından Qubadlının da işğaldan azad edilməsinin müjdəsini verdi:
“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Qubadlı şəhərinin işğaldan azad edilməsi əməliyyatı xüsusi peşəkarlıq tələb edirdi. Çünki şəhərdə ermənilər çox güclü istehkamlar qurmuşdular. Eyni zamanda yaxınlıqdakı yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi və buradan müntəzəm şəkildə hərbçilərimizə atəş açılırdı. Bundan başqa Azərbaycan Ordusunun bölmələrinə Ermənistan ərazisindən də atəş açılırdı. Ona görə Qubadlı əməliyyatında xüsusilə diqqətli olmaq lazım idi. Şəhəri azad etmək üçün isə ilk növbədə, yüksəkliklər düşməndən təmizlənməli idi. Beləliklə, Azərbaycan Ordusunun olduqca dəqiq və peşəkarlıqla hazırlanan hücum əməliyyatı nəticəsində öncə, şəhərə hakim olan strateji yüksəkliklər və ətrafdakı yaşayış məntəqələri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri nəzarətə götürüldü. Bunun ardınca isə Qubadlı şəhəri işğaldan azad olundu və 25 oktyabr tarixi 44 günlük müharibənin gedişində mühüm strateji uğur oldu. Ümumilikdə isə Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatları nəticəsində noyabrın 9-dək Qubadlı şəhərindən başqa rayonun 41 kəndi işğaldan azad olundu.
Qubadlıdan sonra Azərbaycan Ordusunun Laçın istiqamətində hücumları başladı. Tezliklə Laçın rayonunun cənubunda yerləşən kəndlər azad olundu. Laçın dəhlizinin ordumuz tərəfindən nəzarətə götürülməsi isə müharibənin gedişində mühüm dönüş nöqtəsi oldu.
Vətən müharibəsindən sonra Qubadlı rayonunun tarixində yeni mərhələ başlayıb. Düşmənin dağıtdığı, vandallığa məruz qoyduğu rayon bu mərhələdə bərpa edilir, yenidən qurulur. Hələ 2021-ci il oktyabrın 25-də Qubadlıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev demişdi:
«Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq».
Ötən dövrün mənzərəsi göstərir ki, dövlətimizin başçısının bu sözləri sürətlə həyata vəsiqə alır, Qubadlıda həyat yenidən canlanır. Prezident İlham Əliyev indiyədək bir neçə dəfə Qubadlıya səfər edib. Bu səfərlərin hər biri rayonun həyatında silinməz iz buraxıb, bərpa və quruculuq işlərinə təkan verib.
Qubadlıda da digər rayonlarda olduğu kimi quruculuq işləri yeni infrastrukturların yaradılması ilə başlayıb. İndiyədək rayonda sistem əhəmiyyətli “Qubadlı” yarımstansiyası istifadəyə verilib. Hazırda rayon ərazisində Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Yeni Qubadlı-Laçın və Xanlıq-Qubadlı yollarının tikintisi aparılır. O cümlədən Qubadlı şəhərində daxili yolların tikintisi həyata keçirilir.
2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının, 91 yataqlıq Mərkəzi Xəstəxana binasının təməlini qoyub. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı da təsdiq edilib.
Bərpa işləri rayonun kəndlərini də əhatə edir. Ötən dövrdə Xınalıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Birinci mərhələdə Xınalıq kəndində 356, Mahruzlu kəndində 145, Zilanlı kəndində 159 fərdi evin tikintisi nəzərdə tutulur.
Qubadlı rayonunun böyük su ehtiyatları var. Bərpa prosesində bu imkanlardan da səmərəli yararlanmaq qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə rayon ərazisində “Zabuxçay” və “Bərgüşadçay” su anbarları inşa olunur. Su anbarlarının yaradılması nəticəsində on minlərlə hektar torpağın suvarma suyu ilə dayanıqlı şəkildə təmin edilməsi mümkün olacaq.
Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Qubadlı şəhərinin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Qubadlı Şəhəri Günü də Vətən müharibəsinin digər əlamətdar tarixləri kimi Azərbaycanın Zəfərini, xalqımızın mübariz ruhunu tərənnüm edir.
İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı da dirçəlir, həyata dönür. Azadlığının sevincini yaşayan bu yurd yerimiz də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının quruculuq əzminin və dövlətimizin qüdrətinin nəticəsi olaraq tezliklə Azərbaycanın ən gözəl ünvanlarından biri olacaq.



