İdman

“Qalatasaray” 42 oyundur öz meydanında məğlub olmur

Türkiyənin “Qalatasaray” klubu möhtəşəm nəticəyə imza ataraq öz meydanında məğlubiyyətsiz oyunlarının sayını 42-yə çatdırıb.

AZERFAX.AZ “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Super Liqasının 12-ci turunda “Samsunspor”u 2:1 hesabı ilə məğlub edərək klub tarixinin ən uzun evdə məğlubiyyətsizlik seriyasına sahib çıxıb.

Okan Burukun rəhbərlik etdiyi komanda bu müddət ərzində keçirdiyi 42 qarşılaşmanın 34-də qələbə qazanıb, 8 matçda isə heç-heçə edib.

“Qalatasaray”ın Türkiyə çempionatında doğma meydandakı son məğlubiyyəti 19 may 2024-cü ildə qeydə alınıb. Həmin vaxt İstanbul klubu əzəli rəqibi “Fənərbağça”ya 0:1 hesabı ilə uduzub.

Maraqlıdır ki, komandanın əvvəlki rekord göstəricisi 41 oyun olub. 2016-2017-ci illərdən başlayan həmin seriya 2019-cu ildə “Başakşehir”lə qarşılaşmada başa çatıb. Həmin vaxt “Başakşehir”ə rəhbərlik edən şəxs isə hazırda “Qalatasaray”ın baş məşqçisi olan Okan Buruk idi.

Buruk bu dəfə “sarı-qırmızılar”ın sükanı arxasında klubun əvvəlki rekordunu yeniləyərək tarixə düşüb.

Qeyd edək ki, Türkiyə Super Liqası tarixində evdə ən uzun müddət məğlub olmayan komanda rekordu isə 90 oyunluq seriya ilə “Trabzonspor”a məxsusdur.

Related Articles

Bir cavab yazın

Back to top button