Gəncədə pediatriya sahəsində regional konfrans keçirildi.

Gəncədə Regional Pediatriya Konfransı keçirilib. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, Azərbaycan Milli Pediatriya Dərnəyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Respublika Pediatriya Mərkəzinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında təşkil olunan konfransda ölkənin aparıcı pediatriya üzrə mütəxəssisləri, regionun səhiyyə qurumlarının nümayəndələri və gənc həkimlər iştirak edirlər. Konfrasın keçirilməsində əsas məqsəd uşaqların sağlamlığının qorunması, müasir tibbi yeniliklərin regionlarda tətbiqi və pediatriya sahəsində son elmi nailiyyətlərin paylaşılması olub.
Tədbirin rəsmi hissəsində çıxış edən Milli Pediatriya Dərnəyinin sədri Anar Qurbanov konfrans iştirakçılarının salamlayaraq bu kimi tədbirlərin regionlarda pediatriyanın inkişafında mühüm əhəmiyyətindən danışdı.
Sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov körpələrin sağlamlığının qorunmasının ölkənin gələcəyində çox vacib rol oynadığını bildirdi.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov bu kimi konfransların regionda təşkilinin pediatriya sahəsində mütəxəssislərin bilik və təcrübələrinin artırılmasında, müasir tibbi yeniliklərin paylaşılması və pediatrik xəstəliklərin diaqnostikasında, o cümlədən müaliəi və profilaktikada aktual mövzular üzrə fikir mübadiləsinin təşkilində böyük əhəmiyyətini vurğuladı.
Konfransın birinci elmi panelinə Respublika Pediatriya Mərkəzinin direktoru Dr. Azər Əhmədov və Dr. Yalçın Mirzəyev moderatorluq ediblər. Paneldə müxtəlif pediatrik xəstəliklərin diaqnostika və müalicə üsullarına dair elmi məruzələr təqdim olunur.
Gəncədə keçirilən bu konfrans təkcə elmi müzakirə platforması deyil, həm də regionun pediatrik xidmətlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib.



