Ölkə

Roman qəhrəmanına çevrilən Sosialist Əməyi Qəhrəmanı.

“Mənim ailəm yumruq kimi olmalıdır. Beş barmaqdan biri açılsa, onu kəsib ataram.”, “Yüz belə anonım yazılar yazılsa da mən öz işimdən dönən deyiləm” ““Torpağa arxa çevirən, sabah çörəyə möhtac qalar” kimi zərb məsəllərlə insanların yaddaşında bir iz buraxan Mirzə İbrahimovun “Böyük Dayaq” filmini hamı yaxşı xatırlayır. Azərbaycan ədəbiyyatında kənd həyatını, torpaqla insan münasibətlərini və mənəvi dayaqları, ailə və onun idarəedilməsini dərin realizmlə əks etdirən əsərlər sırasında bu roman xüsusi yer tutur. Bu əsərin ideya-bədii yükünü daşıyan əsas obrazlardan biri isə Rüstəm kişidir. O, təkcə hadisələrin iştirakçısı deyil, həm də xalq düşüncəsinin, milli mənəviyyatın və həyat fəlsəfəsinin daşıyıcısıdır. Bu xüsusiyyətlər onun nitqində işlənən zərbi-misallar vasitəsilə daha aydın görünür.

“Böyük Dayaq” əsərində Rüstəm kişi sadəcə kolxoz sədri deyil. O, ayağını torpağa, kürəyini vicdanına söykəyən Azərbaycan kişisinin bədii simvoludur. Onun gücü vəzifəsində yox, düz duruşunda, təmiz adında, halal mövqeyindədir. Rüstəm kişinin həyatında ən böyük qanun namusdur. O, bu anlayışı nə şüar kimi deyir, nə də başqasına öyrətməyə çalışır – sadəcə yaşayır. Kolxozun malına toxunanı da, işdən yayınanı da bağışlamır. Çünki onun düşüncəsində “Kolxozun malı yetimin payıdır, ona xəyanət edən öz vicdanını talayır” kimidir.

Beləliklə “Böyük Dayaq” romanında hamının böyük sevgi və hörmətlə yanaşdığı Rüstəm kişi obrazı sərtliyi və yüksək idarəçilik qabiliyyəti, namusli və vicdanlı əmək fəaliyyəti ilə seçilən, ailəsini qoruyan əsl Azərbaycan kişisidir.

Rustəm kişi kimi obrazların qələmə alınması təsadüfdən yaranmayıb. Yazıçılar və ədiblər əsərləri qələmə alanda hansısa bir real qəhrəmanın həyatını bədiiləşdirilər. “Böyük Dayaq” belə romanlardandır. Xalq yazıcısı Mirzə İbrahimov bu əsəri çox yaxın münasibətdə olduğu və dostluq etdiyi Sosialist Əməyi Qəhrəmanı Rüstəm Allahverdi oğlu Əliyevin həyat və faəliyyətinin prorotipini yaradıb. Romanda baş verənlərin əksəriyyəti, hətta qəhrəmanları belə adları bədiiləşdirilsə də real həyatda mövcud olub.

Bu barədə AZERFAX.az-ın yerli bürosuna danışan Rüstəm Əliyevin nəvəsi Allahverdi Əliyev babasının  “Böyük Dayaq” filmində Rüstəm kişinin prototipi olduğunu təsdiqləyir”:

“Mənim babam Əliyev Rüstəm Allahverdi oğlu “Böyük Dayaq” romanını qələmə Xalq yazıçısı Mirzə İbrahimovla və Səməd Vurğunla yaxın dost olublar. Bu iki ədib dəfələrlə babamın dəvətilə bizə qonaq gəliblər. Mirzə İbrahimov babamı yaxından tanıyırdı, onun bütün xarakter və xüsusiyyətlərini yaxşı bilirdi. Babam əsl Azərbaycan kişisinə xas olan xüsusiyyətlərə malik idi. O ailəsinə çox bağlı adam idi. Namuslu, zəhmətkeş, öz işini sevən, rəhbərlik etdiyi sahələrin inkişafına çalışan bir insan idi. Bu gün də o zamanki Səfərəliyev, indiki Samux rayonunda Rüstəm Əliyev böyük hörmətlə anılır” deyə Allahverdi Əliyev əlavə edib.

Rüstəm Allahverdi oğlu Əliyev 16 sentyabr 1903-cü ildə Xanlar rayonunun Sünnülər (indiki Samux rayonu Füzuli kəndinin bir hissəsi) kəndində anadan olub. O, yeniyetmə ikən kolxozların yaradılmasında iştirak edib, kəndin su idarəsində çalışıb. 1929-cu ildən – Səfərəliyev rayonu (indiki Samux) “Qırmızı Oktyabr” kolxozunun sədri vəzifəsinə təyin olunub. Həmçinin 1933-1968-ci illərdə Göy-Göl təbiət qoruğunun müdiri işləyib.

Əliyevin rəhbərlik illərində kənd kolxozu inkişaf davamlı inkişaf yolu keçib və 1939-cu ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak edib. Əliyev keçmiş Sünnilər kəndində klub, hamam, kitabxana, yeni kolxoz binası inşa etdirib, sakinlərin evlərinə elektrik və radio çəkdirib.

Rəyasət Heyətinin 10 mart 1948-ci il tarixli Fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən Rüstəm Əliyev Lenin ordeni və “Oraq və Çəkic” qızıl medalı ilə təltif edilib. Əliyev SSRİ Ali Sovetinin 5 çağırış, Azərbaycan SSR Ali Sovetinin 2-ci və 4-cü çağırış deputatı olmuşdur. 1968-ci ildən SSRİ-nın fərdi təqaütçüsü idi. O, 19 sentyabr 1974-cü ildə Gəncə şəhərində vəfat edib.

“Rüstəm Əliyev o zamanlar ən qabaqcıl və ön sıralarda adı çəkilən bir kolxozun sədri olub. Sosialist Əməyi Qəhrəmanı ona təsadüfən verilməyib. O əlinin zəhməti və gecə-gündüz çalışqanlığı sayəsində bütün uğurları qazanmağa müvəffəq olub. “Böyük dayaq” filmində canlandırılan qətiyyətli və mübariz, hamının qayğısına qalan Rüstəm kişi obrazı məhz Rüstəm Əliyevin protitipidir”. Bu fikirləri ilahiyyatçı Hacı Əlisəftər Səfərəliyev söyləyib. Onun sözlərinə görə Sosialist Əməyi Qəhrəmanı o zaman Gəncənin Fəxri Xiyabanında dəfn olunan ilk rəsmilərdən olub:

“Rüstəm Əliyevin Mirzə İbrahimovla yaxın münasibəti var idi. O, Sosialist Əməyi Qəhrəmanının həyatı barədə “Böyük dayaq” romanında da yazıb. Əsər əsasında Azərbaycanın ən yaxşı filmlərindən biri çəkilib” deyə Səfərəliyev əlavə edib.

Bəzən filmin başqa rayonda çəkildiyini, Rüstəm kişi obrazının başqa insanın prototipi üzərində qurulduğunu deyənlərə rast gəlmək olur. Bununla bağlı ilahiyyətçi bir fakt ilə, fillmdəki tək bir fraqment ilə suallara nöqtə qoyur:

“Xatırlayırsınızsa filmin bir epizodunda Lal Hüseynlə Yarməmmədin dialoqu var. Alaçığın içində Yarməmməd yastı Salmanın 5000 manat istədiyini, bunun üçün kolxozun heyvanlarından oğurlayıb ona verilməsini Lal Hüseyndən istəyir. O isə cavabında deyir ki, yaxşı denən axşam 100 toğlunu gəlib Sarıqamışdan aparsın. Sarıqamış o zamankı Səfərəliyev, indiki Samux rayonunun köklü kəndlərindəndir. Mirzə İbrahimov romanın bu yerində hadisələrin məhz Samux rayonunda zərəyan etdiyini göstərir. Bundan başqa çox faktlar var ki, “Böyük dayaq” romanının məhz “Qırmızı Oktyabr” kolxozunun həyatını əks etdirdiyini, Rüstəm obrazının isə məhz Rüstəm Əliyev üzərində qurulduğunu təsdiq edir” deyə Əlisəftər Səfərəliyev əlavə edib.

Rüstəm Əliyevin nəvəsi Allahverdi Əliyev ilk dəfə AZERFAX.az üçün bəzi məqamları da vurğulayıb. Onun sözlərinə görə romanda qeyd olunan obrazlar da bədiiləçdirilsə də real həyatda Əliyevlər ailəsinin nümayəndələri olub:

“Romanda qələmə alınan obrazlar arasında yaxın qohumlarımız var. Məsələn orada olan Qaraj obrazı əmim Davud olub, Telli obrazı isə bizim Ədilə, partkom Şirzad isə bibimin həyat yoldaşı Paşa dayı idi. O babam rəhbərlik edən “Qırmızı Oktyabr” kolxozunda partiya komitəsinin sədri olub və sonrada bibimlə ailə qurub” deyə Allahverdi Əliyev əlavə edib.

Müsahibimiz kinoda bir çox məqamların real həyatda baş verdiyini də bildirir. Onun sözlərinə görə sonda Rüstəm kişinin başından vurularaq xəsarət alması, onun xəstəxanaya düşməsi də real həyatdan götürülüb.

Allahverdi Əliyev babası haqqında bir çox məqamları da xatırlatdı. O qeyd elədi ki, Rüstəm Əliyev “Qırmızı Oktyabr” kolxozunun inkişafı üçün çox böyük zəhmət çəkib:

“Babam zəhmətkeş insan idi. Kolxozun inkişafı üçün, kənd camaatının maddi və mənəvi rifahını yüksəltmək üçün bütün çətinliklərə qatlanırdı. O təsərrüfatda yüksək məhsul almaq üçün elmin ən müasir üsullarından istifadə edirdi. “Qırmızı Oktyabr” kolxozunda yüksək məhsuldarlığın qeydə alınması bir çox alimləri və elm adamlarının diqqətini xəlb edirdi. Görkəmli alimlər – Həsən Əliyev, Abdulla Qarayev, Firuz Məlikov, Cəbrayıl Hüseynov, İman Mustafayev öz elmi təcrübələrini məhz babamın rəhbərlik etdiyi təsərrüfatlarla həyata keçiriblər” deyə Əliyev vurğulayıb.

Allahverdi Əliyev onu da xatırlatma edib ki, babasının quruculuq və yüksək idarəçilik qabiliyyəti ona Azərbaycanın qərb bölgəsində digər böyük bir layihəni reallaşdırmağa da imkan verdi. Belə ki, Rüstəm Əliyevə 1933-cü ildə o zamankı Göygöl Dövlət Təbiət Qoruğu rəhbərlik etmək həvalə olunub:

“Babam Göygöl qoruğuna rəhbər təyin edildikdən sonra burada böyük quruculuq və abadlıq işlərinə başladı. O zaman qoruğun ərazisində bu günümüzə qədər gəlib çatan və hamının “Ağ ev” adlandırdığı qonaq evinin binasını tikdi. O zamanlar Azərbaycanın elm adamları, alimləri, yazıçı və şairləri, ədibləri həmin “Ağ ev” qonaq olublar. Biz özümüz də yay aylarında ailəlikcə orada qalırdıq. Rüstəm Əliyev həqiqətən də qurub-yaradan insan idi. O zaman qoruğun bikti və heyvanat aləminin zənginləşdirilməsində böyük rol oynayıb” deyə Allahverdi Əliyev əlavə edib.

İllər ötür, lakin tarixdə öz izini buraxa bilən insanlar heç zaman unudulmur. O zamanki Sünnülər kəndində böyük quruculuq işləri ilə yadda qalan, Sovetlər birliyi dövründə Samuxun bir kənd kolxozunu o zamanlar ittifaq səviyyəsində tanıdan Rüstəm Əliyevin zəhmətini çox yüksək qiymətləndirilib. Belə ki, o, 10 mart 1948-ci il Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, SSRİ Ali Sovetinin 5 çağırış, Azərbaycan SSR Ali Sovetinin 2-ci və 4-cü çağırış deputatı olub. Haqqında hələ sovetlər birliyi dövründə məqalələr, oçerklər yazılıb, romanların qəhrəmanına çevrilib. Bu günümüzə gəlib çatanlar isə xatirələr və şəkillər və xalq yaddaşında yaşayan hörmət gəlib çatıb.

Məqsəd Rəhimov

AzerFax.az saytının baş redaktoru

Related Articles

Bir cavab yazın

Back to top button