Region

Daşkəsən şəhidlərinin xatirəsinə həsr olunan rayonun ümumtəhsil məktəbləri arasında voleybol birinciliyi keçirilib

14-15 aprel tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhidlərinin xatirəsinə həsr olunan rayonun ümumtəhsil məktəbləri arasında voleybol birinciliyi uğurla başa çatıb.

AZERFAX.az xəbər verir ki, birinciliyin məqsədi şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlığını gənc nəslə çatdırmaqla yanaşı, sağlam həyat tərzinin təbliği, komanda ruhunun inkişaf etdirilməsi və şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Regional Voleybol Klubunun direktoru Sərxan Məmmədov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, rayonun şəhid ailəsinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Birinciliyin bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Yarışın təşkilində əməyi olanlara təşəkkürünü çatdıran, iştirakçı komandalara uğurlar arzulayan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafına daim xüsusi diqqət və qayğı göstərilir. Bu diqqətin nəticəsidir ki, Daşkəsən rayonunda idmanın müxtəlif növləri üzrə yarışlar mütəmadi surətdə təşkil olunur. İcra başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər xalqımızın qəhrəmanlıq salnaməsidir. Daşkəsən rayonunun da igid oğulları Vətən uğrunda döyüşərək, onlardan Birinci və İkinci Qarabağ müharibələrində 98 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalıb. Orxan Abbasov vurğulayıb ki, bu cür idman tədbirləri həm şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıyır.

Digər çıxış edənlər də bu cür tədbirlərin gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını qeyd edərək, yarışın təşkilinə görə təşəkkürlərini bildiriblər və iştirakçılara gələcək yarışlarda uğurlar arzulayıblar.

Yarışda rayonun 6 ümumtəhsil məktəbindən 7 komanda iştirak edərək qalibiyyət uğrunda mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Daşkəsən şəhəri S.Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası birinci, A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası ikinci, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

Related Articles

Bir cavab yazın

Back to top button