Messidən əfsanələrlə müqayisə olunmasına reaksiya: Onlar deməlidirlər ki…

“İnter Mayami”nin və Argentina millisinin ulduz hücumçusu Lionel Messi NBA-nın Şöhrət Zalının üzvü, “San Antonio Spörs”ün və Argentina millisinin əfsanəvi oyunçusu Manu Cinobili haqqında fikirlərini bölüşüb.
AZERFAX.AZ xəbər verir ki, o, jurnalistlərin Cinobilini “basketbolun Messisi” adlandırmasına münasibət bildirərək bunları deyib:
“Mənim üçün çox xoşdur ki, jurnalistlər “Manu basketbolun Messisidir” deyirlər. Əslində isə onlar deməlidirlər ki, mən futbolun Manusu olmuşam”.
Qeyd edək ki, Manu Cinobili NBA karyerası ərzində yalnız “San Antonio Spörs” klubunun formasını geyinib. O, 1999-cu il draftında 57-ci seçim kimi seçilib və 2002/03 mövsümündə liqada debüt edib.
Argentinalı müdafiəçi NBA-da 4 dəfə çempion olub, 2007/08 mövsümünün ən yaxşı altıncı oyunçusu seçilib, iki dəfə mövsümün üçüncü simvolik komandasına daxil edilib və iki dəfə Ulduzlar Matçına dəvət alıb. Cinobili 2018-ci ildə peşəkar karyerasını başa vurub.



