Zelenski Putinlə bu ölkələrdən birində görüşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşünün ABŞ-da G20 sammiti zamanı və ya Yaxın Şərq ölkələrindən birində keçirilə biləcəyi fikrini bildirib.
AZERFAX.AZ xəbər verir ki, Ukrayna liderinin çıxışının lent yazısını “Novosti.LIVE” nəşri dərc edib.
Zelenskinin sözlərinə görə, ABŞ onun Putinlə görüşünün təşkili üzərində iş aparır.
“ABŞ həmişə Əmirliklərdən və ya Səudiyyə Ərəbistanından danışır. Bu görüş ABŞ-da “İyirmilik” iclası zamanı da ola bilər. Lakin hələlik nə Rusiyadan, nə də ABŞ-dan təsdiq olunmayıb”, — deyə Ukrayna dövlət başçısı bildirib.
O, görüşün Avropa ölkələrindən birində də baş tuta biləcəyini istisna etməyib. Zelenskinin sözlərinə görə, ona məlumdur ki, avropalılar bu barədə təmaslar qurmağa başlayıblar.
Buna qədər ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun Putini dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət etdiyini bildirmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sonradan bəyan edib ki, Rusiya dəvətə görə minnətdardır və bu məsələ diplomatik kanallar vasitəsilə nəzərdən keçiriləcək.
Oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp brifinq zamanı ukraynalı həmkarını münaqişənin nizamlanması barədə danışıqlara deyil, sazişin bağlanmasına diqqət yetirməyə çağırıb. Bundan əlavə, Amerika lideri Zelenski və Putini “mənasız” hərbi əməliyyatlara son qoymaq üçün görüşməyə səsləyib.
Hüseyn İbadlı



