83 yaşlı qadın razılığı olmadan evtanaziya edilib?

Kanadanın Ontario əyalətində qocalar evində yaşayan 83 yaşlı Briqitta Ştegemannın onun razılığı olmadan evtanaziya edildiyi iddia olunur.
AZERFAX.AZ xəbər verir ki, hadisə “The Pearl” adlı qocalar evində baş verib. Mədə xərçənginin dördüncü mərhələsi diaqnozu qoyulan Ştegemannın əvvəllər evtanaziyadan açıq şəkildə imtina etdiyi bildirilir. Buna baxmayaraq, müəssisənin əməkdaşlarının onun nəvəsi və qanuni nümayəndəsi səfərdə olduğu vaxt prosedurun başlanmasına təşəbbüs göstərdiyi iddia edilir.
Qadının nəvəsinin sözlərinə görə, tibb bacısı həkim gəlməmişdən əvvəl və xəstənin razılığı olmadan kateter yerləşdirib. Onun iddiasına əsasən, Ştegemann koqnitiv test zamanı ən sadə suallarda belə çətinlik çəkib, hətta bacı-qardaşlarının sayını deyə bilməyib. Buna baxmayaraq, həkim onun evtanaziyaya razılıq vermək qabiliyyətində olduğunu müəyyən edib.
Nəvəsi həmçinin bildirib ki, evtanaziyadan iki gün əvvəl nənəsindən ölümlə nəticələnəcək proseduru anlayıb-anlamadığı soruşularkən qadın ağlamağa başlayıb.
Ailə könüllü razılığın verildiyini təsdiqləyən sənədlərə də çıxış əldə edə bilməyib. Hadisə ilə bağlı Bellevil polisi, Ontario Baş Koroner İdarəsi və Pasiyent Hüquqları üzrə Müvəkkil araşdırmaya başlayıb.
Müəllif: Adəm



