Ölən oğlu ilə görüntülü danışır: Dünyanı “ağladan” hadisə

Çində ürəyindən əziyyət çəkən yaşlı qadının hər gün görüntülü danışdığı şəxsin əslində həyatda olmadığı üzə çıxıb. Belə ki, ana vəfat etmiş oğlunun rəqəmsal surəti ilə hər gün söhbət edir, lakin onun öldüyündən tamamilə xəbərsizdir.
AZERFAX.AZ “South China Morning Post”a istinadən xəbər verir ki, qadının oğlu 2025-ci ildə dəhşətli yol qəzasında həyatını itirib. Anasının ürək xəstəliyini və bu acıya dözə bilməyəcəyini nəzərə alan yaxınları həqiqəti ondan gizlətmək qərarına gəliblər. Çıxış yolu isə Süni İntellekt (Sİ) texnologiyasında tapılıb.
Mərhumun oğlu atasının geniş arxivini – fotoşəkillərini, video və səs yazılarını təqdim edib. Nəticədə yaradılan Sİ-klon təkcə xarici görünüşcə deyil, həm də davranışları ilə orijinalın eynisinə çevrilib. Hətta söhbət zamanı oğlunun virtual surəti sağlığındakı xarakterik vərdişləri də mənimsəyib.
Yaşlı qadına isə oğlunun işləmək üçün başqa şəhərə getdiyi deyilib. O, hər gün ekranda gördüyü canlandırmanın həqiqi insan olduğuna inanaraq onunla dərdləşir, yeməyinə fikir verməsini, isti geyinməsini və sağlamlığını qorumasını tapşırır.
Qadının klonla söhbətlərindən biri ürəkləri dağlayıb: “Mənə tez-tez zəng elə ki, necə olduğunu bilim. Sənin üçün çox darıxıram. Heyf ki, görüşə bilmirik”. Süni intellekt isə cavabında ona söz verib ki, kifayət qədər pul qazanan kimi yanına gələcək.
Müəllif: Adəm



