AZERFAX TV

Putin Trampla danışmaq istəyir: Vaşinqtondan Moskvaya şərt

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla şəxsi telefon danışığı aparmaq istəyir. Lakin bunun üçün Moskva əvvəlcə konkret nəticə əldə etməlidir.

AZERFAX.AZ xəbər verir ki, bunu ukraynalı analitik, Ali Radanın keçmiş deputatı Vadim Denisenko bildirib.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskva səfəri zamanı bir sıra məsələlər, o cümlədən mümkün atəşkəs variantları, Rusiyanın İrana dəstəyi və Baltikyanı ölkələr üçün yarana biləcək təhlükə müzakirə olunub.

Denisenko hesab edir ki, ən real ssenarilərdən biri Trampın Rusiyaya Baltikyanı ölkələrə qarşı hər hansı hərbi addımdan çəkinməyi təklif etməsi və bunun müqabilində Ukrayna məsələsində müəyyən razılaşma əldə etməyə çalışmasıdır.

Analitikə görə, Putin isə bu prosesdə vaxt qazanmağa çalışır. O, hesab edir ki, Moskvanın “Baltikyanı ölkələrə hücum etməmək müqabilində Ukrayna məsələsində güzəşt əldə etmək” yanaşması yeni deyil və Rusiya lideri bir müddətdir bu xətt üzrə hərəkət edir.

Denisenko qeyd edib ki, Retkliffin Putinlə görüşünün baş tutmamasının əsas səbəbi də məhz Rusiya prezidentinin birbaşa Trampla danışmaq istəyidir.

“Putin Trampın zəng etməməsindən və şəxsi təmasların olmamasından narazı qalmış kimi davranır. Tramp isə seçkilər səbəbindən Putinlə yalnız söhbətin praktiki nəticə verəcəyinə əmin olduğu halda danışa bilər”, – deyə analitik bildirib.

Denisenkonun fikrincə, Moskvanın əsas məqsədlərindən biri Putin-Tramp birbaşa təmasını yenidən gündəmə gətirməkdir. Lakin Vaşinqton nəticəsiz telefon danışığına getmək niyyətində deyil.

Müəllif: Adəm Abbaslı

Related Articles

Bir cavab yazın

Back to top button