Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Başika-Zilkan hərbi bazasını mərhələli şəkildə İraq hökumətinə təhvil verəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani Nyu-Yorkda keçirdikləri birgə mətbuat konfransında bildiriblər.
Türkiyə və İraq rəsmiləri iki ölkə arasındakı strateji münasibətlərin müxtəlif istiqamətlərini müzakirə edib və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin “X” sosial şəbəkəsindəki hesabında yayılan məlumatda da qeyd olunub.
Tərəflər həmçinin Sincarda dövlət hakimiyyətinin tam şəkildə təmin edilməsi və qadağan olunmuş xarici silahlı qüvvələrin bölgədəki mövcudluğuna son qoyulması barədə razılaşıblar.
Bundan əlavə, ikitərəfli ticarət və investisiyaların həcminin artırılması, imzalanmış sazişlərin dərhal icrası və başda İnkişaf Yolu Layihəsi olmaqla birgə strateji layihələrin sürətləndirilməsi məsələlərində də razılıq əldə edilib.



