“GTA 6” satışa çıxan gün “PlayStation Network”də nasazlıq oldu


“Grand Theft Auto VI” (“GTA 6”) oyununun dünya üzrə mərhələli şəkildə satışa çıxması fonunda “PlayStation Network” platformasında texniki problemlərlə bağlı şikayətlər artıb.
AZERFAX.AZ “GamesRadar+” nəşrinə istinadən xəbər verir ki, çətinliklə üzləşənlər xüsusilə Avropadakı “PlayStation 5” istifadəçiləridir. Onlar oyun kodlarını aktivləşdirə, “PlayStation Store”a daxil ola və “GTA 6”nı yükləyə bilməyiblər.
İnternet xidmətlərindəki nasazlıqları izləyən “Downdetector” noyabrın 18-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:08-dən “PlayStation Network”lə bağlı şikayətlərin artdığını bildirib. Gün ərzində şikayətlərin sayı 5 mini keçib.
“ResetEra” forumunda Fransa və Böyük Britaniya da daxil olmaqla bir sıra Avropa ölkələrinin istifadəçiləri “PlayStation Store”un ləng işlədiyini, oyun yükləmələrinin isə bəzən dayandığını yazıblar. Bəzi oyunçular əməliyyatları bir neçə dəfə təkrarladıqdan sonra problemi həll edə biliblər.
Bununla belə, “Sony”nin rəsmi status səhifəsində xidmətlərin normal işlədiyi göstərilib. Şirkət məsələ ilə bağlı açıqlama verməyib. Problemlərin oyunun satışa çıxması ilə yaranan yüksək istifadəçi sıxlığından qaynaqlandığı təsdiqlənməyib.
Qeyd edək ki, “GTA 6” ilk olaraq Yeni Zelandiyada əlçatan olub. Orada oyun yerli vaxtla noyabrın 19-u gecə yarısı, Bakı vaxtı ilə noyabrın 18-də günorta satışa çıxıb. Digər ölkələrdə oyun yerli vaxtla gecə yarısından etibarən mərhələli şəkildə satışa çıxır.



