Azərbaycanda maşınlar ucuz qiymətə hərraca çıxarılır

Azərbaycanda dövlət qurumları və publik hüquqi şəxslərin balansında olan bir sıra nəqliyyat vasitələri sentyabrın 15-də hərraca çıxarılacaq.
AZERFAX.AZ xəbər verir ki, hərracda minik avtomobilləri, mikroavtobuslar və xüsusi təyinatlı nəqliyyat vasitələri satışa təqdim olunacaq.
Ən aşağı start qiymətləri 600 manatdan başlayır. 1986-cı il istehsalı VAZ-21013 600 manat, 1990-cı il istehsalı VAZ-21061 750 manat, 2000-ci il istehsalı xüsusi təlim avtomobili VAZ-21074 isə 825 manat qiymətlə təklif olunur.
Dövlət Ehtiyatları Agentliyinə məxsus 2007-ci il istehsalı “Chevrolet Niva 2123” üçün start qiyməti 2 850 manat müəyyən edilib.
Yasamal Rayon İcra Hakimiyyətinin balansındakı 2006-cı il istehsalı “Nissan Maxima” isə 1 600 manatdan, 50 faiz endirimlə təkrar hərraca çıxarılacaq.




