Bu ölkədə eboladan ölənlərin sayı 4 mini ötdü


Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 4 000-i ötüb. Ölkə tarixində ən böyük epidemiya ilə mübarizə tədbirlərinə baxmayaraq, virusun yayılmasının qarşısını almaq mümkün olmur.
AZERFAX.AZ “Reuters”ə istinadən xəbər verir ki, hökumətin cümə günü açıqladığı məlumatlara əsasən, epidemiyanın qurbanlarının sayı 4 018-ə çatıb. Təsdiqlənmiş yoluxma hallarının sayı isə 8 300-ü ötüb.
Bundibuqyo növündən olan virusun səbəb olduğu epidemiya 2018–2020-ci illərdəki epidemiyanı geridə qoyaraq Konqo tarixində ən böyük və ən ölümcül Ebola epidemiyasına çevrilib. Ölənlərin sayı və yoluxma hallarına görə hazırkı epidemiya 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş epidemiyadan sonra ikinci yerdədir. Həmin dövrdə Qvineya, Liberiya və Syerra-Leonedə 28 600-dən çox insan yoluxmuş, 11 mindən çox insan həyatını itirmişdi.
Məlumata görə, Konqoda 2 000-dən çox xəstə sağalıb. Konqo hökuməti və BMT ötən ay epidemiyanın başladığı İturi əyalətinin bəzi bölgələrində yoluxmanın sürətinin azaldığını bildirsə də, virus ölkənin şərqində, o cümlədən Şimali Kivu əyalətində sürətlə yayılmaqda davam edir.
Ötən ay ölkənin şimal-qərbində yerləşən Cənubi Ubanqi əyaləti də epidemiyanın yayıldığı yeddinci ərazi elan edilib. Buna səbəb ölkənin şərqindən səfər edən bir kişinin Ebola virusundan vəfat etməsi olub.



