Hadisə

Sərhəd naryadına atəş açan şəxs zərərsizləşdirildi

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açılıb.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilmiş, biri saxlanılmış, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İİR ərazisinə qaçmağa nail olub.

Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button