Göyçayda silinən piyada zolaqları təhlükə yaradır

Göyçay şəhərində mərkəzi küçələrində piyada zolaqlarının silinməsi piyadalara və sürücülərə bir sıra çətinliklər yaradır.
AZERFAX.az xəbər verir ki, Metbuat. az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mövcud problemlə bağlı yerli sakinlər narazı olduqlarını bildirirlər. Bəzi ərazilərdə piyada zolağının qismən, bəzi yerlərdə isə tamamilə silindiyi müşahidə olunur. Sakinlərin sözlərinə görə, əvvəllər elə yollar var ki, orada piyada zolağı olub, lakin silindiyi üçün indi yoxdur. Xüsusilə axşam və gecə saatlarında yollarda görmə məhdudiyyətinin yaranması səbəbindən bu problem istər sürücülər, istərsə də piyadalar arasında çaşqınlıq və çətinliklər yaradır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı Yol İstismarı İdarəsinin Göyçay filialından Metbuat. az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu yolların təmiri onların balansında deyil, Göyçay Şəhər Bələdiyyəsinin balansındadır. Göyçay Şəhər Bələdiyyəsindən isə bildirilib ki, qeyd olunan ərazi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı Yol İstismarı İdarəsinin balansındadır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



